Zəfər Gününə Aid Şeirlər
✍ Müəllif: Heydər Ələddinoğlu
Müjdə ver ulduza,müjdə ver aya,
Bu nə bir xəyaldır,nə də ki röya.
Eşitsin kainat,eşitsin dünya
Biz qalib ölkənin vətəndaşıyıq.
Düşmən hikkəsindən alışıb-yansın,
Bu üç rəngli bayraq hey dalğalansın.
Millətim özünü qoy xoşbəxt sansın
Biz qalib ölkənin vətəndaşıyıq.
Zaman səhvləriylə batdı günaha,
Tarix ümidini verdi sabaha.
İtən qürurumuz qayıtdı daha
Biz qalib ölkənin vətəndaşıyıq.
Sevincdən titrəyir həm göyüm,yerim,
Yarıb ürəyimi Sizə göndərim-
Siz Ali Baş Komandan,Siz ey əsgərim
Biz qalib ölkənin vətəndaşıyıq!
2️⃣ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ
✍ Müəllif: Elvin Elxanoğlu
İllərlə səbr edib dözdü bu xalqım,
Bilirdi bu həsrət bir gün bitəcək.
Qarabağ düşməndən azad edildi.
Azərbaycan, zəfər günün mübarək.
Bilsinlər şəhidlər, bilsin qazilər,
Tökülən o qanlar olmadı hədər,
44 gündə gəldi bu böyük zəfər,
Qarabağ bizimdir, hamı biləcək!
Azərbaycan zəfər günün mübarək!
Qanla tarix yazdı şanlı ordumuz,
Zəfərlə taclandı milli ruhumuz,
Özünə qayıtdı Cənnət yurdumuz,
Artıq Qarabağım çiçəklənəcək!
Azərbaycan zəfər günün mübarək!
Dastan yazdı hər zabitin,əsgərin,
Dağıtdı düşmənin postun, səngərin,
Qarşında diz çökdü mənfur düşmənin,
Hər zaman qarşında tir-tir əsəcək!
Azərbaycan zəfər günün mübarək!
Var xalqımın müzəffər sərkərdəsi,
Qılıncdan itidir onun kəlməsi,
Bəs eyləyər bircə kəlmə deməsi,
Dəmir Yumruq yenidən birləşəcək!
Azərbaycan zəfər günün mübarək!
Minlərlə şəhidlər, bunca qazilər,
Nə də gördüyümüz o faciələr,
Nə qədər üstündən keçsə də illər,
Heç vaxt yaddaşlardan silinməyəcək!
Azərbaycan zəfər günün mübarək!
Zəngilan bizimdir, Laçın bizimdir!
Kəlbəcər, Fizuli, Ağdam bizimdir!
Xankəndi, Xocalı, Şuşa bizimdir!
Düşmən birdə yuxusunda görəcək!
Azərbaycan zəfər günün mübarək!
Elxanoğlu deyir, gəlin səbr edək,
30 il dözmüşük, 5 il də dözək,
Yenə də düşmənlər ağıllanmasa,
Ordumuzu İrəvanda görəcək!
Azərbaycan zəfər günün mübarək!
3️⃣ SƏN QALİBSƏN AZƏRBAYCAN! ŞEİRİ
✍ Müəllif: Ağayeva Şəlalə Nadirqızı
Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan
Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan
Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan
Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan
Xarı bülbülün sevindi
Şuşanda azan verildi
Düşmənin yaman yenildi
Sən qalibsən Azərbaycan
4️⃣BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN ŞEİRİ
✍ Müəllif: Adilə Nəzər
Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!
Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
..Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!
Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!
Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!
5️⃣ AZƏRBAYCAN ƏSGƏRINƏ ŞEİRİ
✍ Müəllif: Adilə Nəzər
Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.
Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.
Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
6️⃣BU GÜN ŞEİRİ
✍Müəllif: Rahil Məmməd
Ey Şəhid anası, daha tutma yas,
Şükür, qiyamətə qalmadı qisas!
Zəfər müjdəsinə özün qulaq as,
Ordum yağılardan öc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Düşmən qapı-qapı düşüb sülənir,
Boynunda torbası yardım dilənir.
Başına göylərdən odlar ələnir,
Qısıb quyruğunu alçalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Dünyaya səs salan bir ordu qurdum,
Xilasa səslədi Qarabağ yurdum.
Zirvələr fəth edir müsəlləh ordum,
Xalqın vəhdətindən güc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Bəsdir çəkdiyimiz qəm-qüssə, yetər,
Yeni tariximi yazmaqda əsgər.
Bu haqq savaşımız dillərdə əzbər,
Dostlar zəfərimə əl çalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Yırtıcı, qaniçən vəhşiylə tənin,
Sonu şər toxumu əkib-biçənin!
Növrağımı görən mənfur düşmənin
Gənci də həsəddən qocalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Səkkiz noyabrın bu şanlı günü,
Ali Baş Komandan verdi müjdəni:
“İti qovan kimi qovduq düşməni!”
Türk oğlu düşməndən bac alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
7️⃣BU GÜN ŞEİRİ
✍Müəllif: İmran Zərdablı
Hilallı ulduzlu şanlı bayrağın
Kölgəsi qovuşdu vətən daşına
Artıq ağlamağın səbəbi sevinc
Xoşbəxtlik qarışdı gözün yaşına
Tutub Fizulidən zəfər bayrağın
Muğamın ocağı Şuşaya qədər
Sancıb bəzəyərək vətən torpağın
Çaldıq haqq uğrunda şərəfli zəfər
Türkün ayaq izi dəyən torpağa
Qarışsa şəhidin qanı vətəndir
Üç rəngli bayrağın kölgəsi dəyən
Yurdun hər qarış hər yanı vətəndir
Vətən nə alınar, nə də satılmaz
Biz bizim olanı almışıq geri
Ordunun savaşı, haqqın zəfəri
Qələbən mübarək yurdun əsgəri
Qorxunu qorxutduq biz özümüzdən
Artıq qurd balası yurduna dönür
Bu yanda ədalət işığı yanır
O yanda nahaqqın ocağı sönür
Bitdi otuz ilin həsrət nəğməsi
Qələbə ordumun, zəfər xalqımın
Biz bir yumruq kimi ayrılmaz olduq
Bu haqq döyüşüdür şanlın ordumun.
Etiketler: şeirlər, Zəfər Günü
