-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Müəllimə Aid Gözəl Şeirlər

bilgideryasi

1️⃣ Müəllim Şeiri

Müəllif: Əyyub Türkay.

Yazmağı, oxumağı,

Öyrətmisiz Siz bizə.

Nə qədər “sağ ol” desək,

Bu yenə azdır Sizə.

Neçə elmin sirrindən

Biz alırıq sorağı.

Ömür yollarımıza,

Yandırırsız çırağı.

Zəhmətini müəllim,

İnanın, danan olmaz.

Sizi vəsf edən dillər,

Danışmaqdan yorulmaz.


2️⃣ Müəllim şeiri 

Müəllif: Sərdar Zeynal. 

Nəsillərə paylayır,

Gözlərinin nurunu,

Ən çətin anda belə

İtirmir qürurunu.

Şagirdlərə bölür o

Qazandığı varını.

Qoymarıq itirə o

Bizə etibarını.


 3️⃣ Müəllim şeiri

Müəllif: Bəxtiyar Vahabzadə.

Ey hörmətli müəllim,

Hər könüldə yerin var.

Hər kənddə, hər şəhərdə

Sənin meyvələrin var.


Əkdiyin ağacların

Gülü, çiçəyi solmaz.

Dünyada sənin kimi

Barlı bağban tapılmaz.


 4️⃣ Müəllim Şeiri

Müəllif:  Şirinxanım Kərimbəyli.

müəllim haqqında şeirlər,muellim haqqinda seirler,Müəllimə Aid Gözəl Şeirlər,muellime aid seirler
Müəllimə aid şeirlər, Muellime aid seirler



Müəllim – gözə çıraq,

Dilimizə bəzəkdir.

Elimdən verər soraq,

Kitablara – özəkdir.

O səadət işığı,

Bəxtimizin özüdü,

Sabahın yaraşığı,

Xoş həyatın gözüdür.

Onun dilindən qopan,

Hər kəlmə dür, incidir.

Biliklə haqqa çapan,

Dünyanın sevincidir.

Müəllimdir bu günün,

Gələcəyin kamalı.

Ən xoş sədanın, ünün,

Onunladır amalı.


5️⃣ Müəllim şeiri

Müəllif:  Tünzalə Vəliqızı. 

Müəllim olan yerdə nə lazım günəş,

Onsuzda günəşdir, özü müəllimin.

Müəllim olan yerdə nə lazım atəş

Bir oddur, alovdur, sözü müəllimin.


Qəlbi bir dəryadır, arzusu ümman

Onda var məğrurluq, onda var inam

Bir şagird məktəbə gəlməyən zaman

Dikilər yollara gözü müəllimin.


6️⃣ Müəllim şeiri

Müəllif: Zaur İlhamoğlu.



Müəllim, ey əziz, ey gözəl insan,

Sənə nə söyləyim, olsun dəyərli?

Dünyada elə bir agac varmıdır,

Əkdiyin ağactək ola bəhərli?

Dünyada elə bir zirvə varmıdır,

Sənin fəth etdiyin zirvədən uca?

Mən necə yığım ki, etdiklərini

Müəllim adına sığsın qısaca?

Sən bizə həm ana, həm ata oldun,

Bizimlə bağlandı arzun, diləyin.

Bütün ömrün boyu bizlərdən ötrü

Şam kimi əridi vuran ürəyin.

Haçan dara düşdük, əlin uzadıb

Özünü köməyə yetirmisən sən.

Bizim sabahımız nur olsun deyə

Gözünün nurunu itirmisən sən.

Unudub evində qayğılarını

Məktəbdə büruzə vermədin bir an.

Görüb şagirdlərin ruhdan düşməsin,

Bizləri düşündün sən hər bir zaman.

 

Bəzən acıladın, danladın bizi,

Ki bizlər düşməyək pis səmtə, yönə.

Deyərdin, “eybi yox, inciyin məndən,

Vaxt gələr, minnətdar olarsız mənə”

 

Allah iki şəxsi sevər hər zaman,

Birisi şəhiddir, digəri alim.

Əgər Allah səni belə sevibsə,

Mən necə sevməyim de, ey müəllim?

 

Sənin sənətinin bərabəri yox,

O həm şərəflidir, həm də ki çətin.

Dünyada nə qədər sənət var isə,

Qoyub bünövrəsin sənin sənətin.


Yerin bizlər üçün daima uca,

Özü də, qəlbi də təmiz müəllim.

Haqqını yüz ömür ödəmək çətin,

Haqqını halal et, əziz müəllim!

Haqqını halal et, əziz müəllim!


7️⃣ Müəllimlik şeiri

Müəllif: Səməd Vurğun.

Müəllimlik - bu bir incə sənətdir,

Bu yolu hər gedən olmalı incə.

Saralmaz bir çəmən o göyərincə,

Həyata pək yaxın bir məhəbbətdir.

Almanlar etmişdir çox kərə təkrar -

Mənimdir gələcək... müəllimim var...

Dinlə vətəndaşım! Belə bir şüar

Hər qəlbə tac verən bir fəzilətdir.

Qələlər, zindanlar, qorxunc diləklər,

Atəşli vicdanlar, çılğm ürəklər,

Üfqündə məbud bir boşluq bəklər,

Baxdımkeçmişlərə, bu həqiqətdir...

Ey göylər suları, sən boşalma, dol!

Tutduğun çiçəkli, reyhanlı bu yol

Hər qəlbə sevinclər vəd edər bol-bol...

Bu günün qayəsi çünki zəhmətdir.


8️⃣ MÜƏLLİM şeiri

Müəllif: Rəsul Murovdağlı

Bir müqəddəs zirvə idi MÜƏLLİM,

Duyğu-duyğu, kəlam-kəlam əridi.

Bayram-bayram dərd topladı, qəm yedi,

Kədər-kədər, ələm-ələm əridi.


Vətən-Vətən, torpaq-torpaq çat oldu,

Dünya qurdu, bir quruca ad oldu…!

Kitab-kitab, dəftər-dəftər od oldu,

Vərəq-vərəq, qələm-qələm əridi.


Qarğış tutdu, qarğışlarla biçildi…,

Böyüklüyü kiçildikcə kiçildi… .

Seçilmişə “əl ağacı” seçildi…,

Gedən-gedən, gələn-gələn əridi… !.


Evi oldu məzarının yas… himi…,

Dörd divarda əzab sıxdı cismini… .

Namərd aldı Bank adıyla ismini…,

Faiz-faiz , sələm-sələm əridi.


9️⃣ “Müəllim” şeiri


Müəllif:
Süleyman Rüstəm

Müəllimlik müqəddəs bir sənətdir həyatda,

Müəllimin hər sözü həqiqətdir həyatda.

Üz-gözü, pal-paltarı mürəkkəbli körpələr,

Çırpınan ürəkləri xoş mətləbli körpələr,

İlkin vətən sözünü müəllimdən öyrənir,

Mənliyini, özünü müəllimdən öyrənir,

Başım ağarıbsa da, deyilsəm də mən cavan,

Yanımda bir müəlim adı çəkilən zaman

Tez ayağa qalxıram bir məktəbli uşaqtək, –

Müəllimə həmişə, hər yerdə hörmət gərək.


Müəllim də anadan müəllim doğulmayıb,

Müəllimin özü də müəllimsiz olmayıb.

Deyirəm, kaş təzədən bir məktəbli olaydım,

Barmaqları ömürlük mürəkkəbli olaydım.


 🔟 Müəllim Şeiri

Müəllif: Bəxtiyar Vahabzadə.


Müəllim! Gözəldən gözəldir bu söz-

Körpə könüllərdə məşəl yandıran!

Hələ yazılmamış, hələ qırışsız,

Hamar beyinləri cilalandıran.

Müəllim! Tez durub gec yatanımsan,

Bu gün, sabahımı yaradanımsan!

Mən bir toxum idim, sabahım-sirdi. 

Mənə şəkil verən, rəng verənimsən. 

Məni bu dünyaya anam gətirdi

Sənsə bitirənim, yetirənimsən. 


Müəllim! Düşüncə güllərimizi 

Əqlilə suvaran bir bağban oldu. 

Endirdi yerlərə atamız bizi

Müəllim-göylərə qaldıran oldu. 


Xəyala qol-qanad, gözə nur verdi

Müəllim! Biz sənə borcluyuq ancaq.

Əmir Teymura da şərəf gətirdi,

Ayağın altında əbədi yatmaq.


Şagirdin sayıdır dövlətin, varın

Bilməz bu qazancı, bilməz hər naşı.

Sinifdən sinifə adlayanların

Yaşında yaşayır müəllim yaşı.

Elmə güvəndinsə, bil ki, cənnətin

Qapısı üzünə açılacaqdır. 

Məktəbi hər şeydən üstün millətin

Hər yerdə, hər işdə zəfəri-haqdır.

Gəl, ey heykəltəraş! Bu mərmər, bu gil.

Düşün müəllimi, sonra alış, yan.

Onun heykəlini mərmərdən deyil, 

Yarat özü kimi nurdan, işıqdan.


Bənzər Yazılar:


Açar sözlər: muellim seri, muellime aid seir, muellim haqqinda seir,muellimler gunune aid seirler, müəllim şeiri,müəllimə aid şeirlər, 5 oktyabr muellimler gunu haqqinda seirler,müəllimlər gününə aid şeir



>
To Top