Mündəricat:
1.Sevgilər - Mikayıl Müşviq
2. Darıxıram - Rüfət Sabirli
3. Yaxşı bilirəm ki, mükafatımsan - Anna Axmatove
4. Küsmərəm - Mikayıl Müşviq
5.Sən xoşbəxt,mən xoşbəxt,gəl deyib-gülək!- Eltun Zahidoğlu
6. Sevgilim - Aysel Əhmədova
7. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi - Nizami Gəncəvi
8. Sən demə təzədən sevmək olarmış - Nüsrət Kəsəmənli
9. Ürək - Bəxtiyar Vahabzadə
Sevgilər
Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.
Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür,
Ona yaxlaşmayalım, çünki o zülmətlə dolu.
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.
Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar.
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar.
Sevgi vardır bizə çox dadlı əməllər gətirir,
Fəqət həpsində qaranlıq gecələr kölgəsi var.
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var…
Müəllif: Mikayıl Müşviq
Darıxıram
Sənə çox sevirəm deyə bilmirəm
Yaman bağlanmışam niyə bilmirəm
Gəlib qapını da döyə bilmirəm
Sənsiz yaman darıxmışam sevgilim.
Seni sevən gündən çox dəyişdim mən
Sevir ya sevməyir fikirləşdim mən
Səndən uzaqlarda başa düşdüm mən
Sənsiz yaman darıxmışam sevgilim.
Nə ömür bitməyir, nə qəm bitməyir
Niyə dərd-kədərim sona yetməyir?
Gecələr gözümə yuxu getməyir
Sənsiz yaman darıxmışam sevgilim.
Söylə ayrı qalsaq neyləyəcəm mən?
Ölüncə yolunu gözləyəcəm mən
Səni görən zaman söyləyəcəm mən
Sənsiz yaman darıxmışam sevgilim.
Müəllif: Rüfət Sabirli
Yaxşı bilirəm ki, mükafatımsan...
Yaxşı bilirəm ki, mükafatımsan,
Dözmüşəm illərin sərt cəfasına.
Əcrimsən, göylərdən mənə çatmısan,
Bir əvəz olaraq Yer səfasına.
Çünki söyləmədim öz sevdiyimə
“sevirəm” sözünü mən bilə-bilə.
Hamıya halallıq vermişəm deyə
mələyim olarsan sən indən belə.
Müəllif: Anna Axmatova
KÜSMƏRƏM
Mən şirin ləhcəli bir bülbüləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm!
Məni öz canından artıq istəyən
Ellərdən küsərəm, səndən küsmərəm!
Gözlərin misaldır axan çaylardan,
Kirpiyin oxlardan, qaşın yaylardan.
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm!
El içində bizə derlər Sayadlı,
Tərlan ovçusuyam, ruhum qanadlı.
İlham pərisinin açdığı dadlı
Dillərdən küsərəm, səndən küsmərəm!
Müəllif: Mikayıl Müşviq
Sən xoşbəxt,mən xoşbəxt,gəl deyib-gülək!
Eyni bir zamanda vurur nəbzimiz
Eyni bir ürəkdə gəzir sevgimiz,
Eyni bir səmanı paylaşırıq biz
Niyə qəmgin olaq,niyə kövrələk?
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!
Danışaq,yazışaq səhərə qədər
Sevən var bir-birin bizim tək məgər?
Yazılsın bu eşqə bir roman,əsər
Hər kəs sevgimizdən danışsın gərək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!
Bülbül necə həsrət gülə, çəmənə
Mən sənə həsrətəm sən həsrət mənə,
Sübh çağı bir öpüş göndərdim sənə
Səni oyadacaq bir xəfif külək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!
Şəhərdən-şəhərə əl-ələ tutaq
Qəlbimiz yaxındı cismimiz uzaq,
Bu gecə yuxuma yenə gəl qonaq
Hələ röyalarda gərək görüşək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!
Müəllif: Eltun Zahidoğlu
Sevgilim
Sən keçən yollarda qara bir bulud
Günəşin olaram qorxma sevgilim
Oturub çıraqla sıranın üstə
Yolunu gözlərəm qorxma sevgilim
İstəsən günəşin ayın olaram
İstəsən şimşək tək göydə çaxaram
İstəsən kölgə tək başının üstən
İnan ki,getmərəm qorxma sevgilim
Sən mənim qəlbimdə yuva salan quş
Yuvanı yıxmaram qorxma sevgilim
Oturub izlərəm səni gizlicə
Dəyib dolaşmaram,qorxma sevgilim
Sən mənim könlümdə taxtını qursan
Ömürlük qalacaq inan sevgilim
Sən ürkək-ürkək gözümə baxsan
Gözümdə qalacaq gözün sevgilim
Sən ürək parəmsən,parən qalacaq
Sən könül yarəmsən,yarən qalacaq
Sən mənim ömrümsən izin qalacaq
Bir gün ölsəmdə mən sevgim qalacaq
Müəllif: Aysel Əhmədova
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi
Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,
Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.
Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,
Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?
Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,
Ovçunun ovlağına körpə şikar gəlmiş idi.
Uyuyub hər ikimiz rahət olub bir yatdıq,
Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.
Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"
Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.
Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,
Odlara yandı dilim, sanki şərar gəlmiş idi.
"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox
Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.
Müəllif: Nizami Gəncəvi
Sən demə təzədən sevmək olarmış…
menali sevgi seiri |
Sən demə təzədən sevmək olarmış,
Tale də təzədən gülə bilərmiş,
Küsüb gözüyaşlı gedən məhəbbət
Peşiman-peşiman dönə bilərmiş.
Ürək bulud kimi boşalırsa da
Demək bulud kimi təzədən dolur.
Sonuncu şöləsi titrəyən şamdan
Ayrı bir şamı da yandırmaq olur.
Sən demə təzədən sevmək olarmış,
Köhnə yaraları vaxt, zaman silir,
Kəsilən budaqla ölən ağaclar
Təzə pöhrələrlə dirilə bilir.
Ağlaya-ağlaya dünyaya gəlib
Biz ana südüylə gülməmişikmi?!
Hər axşam sapsarı batan günəşi
Hər səhər təzə-tər görməmişikmi?
Sən demə təzədən sevmək olarmış,
Sevgi fürsət deyil quş kimi uça.
Nə də kölgədir ki,
Qaçasan qova,
Ya da sən qovasan
O səndən qaça…
Çıxarsan qəlbindən ötən sevgini,
Bir gün də tənhalıq sıxacaq səni.
Kiməsə etdiyin yaxşılıq kimi
Məhəbbət qarşına çıxacaq sənin.
İlk sevgi yuvadan düşən quşcuğaz,
Körpə qanadları pöhrələnməyib.
Məcnunun ahıyla uçan məhəbbət
Min hiylə əliylə yerə enməyib…
Mən ki görməmişəm sevgini susan,
Məhəbbət zirvədə bəslənən qarmış.
Kim deyir bir dəfə sevilir insan,
Sən demə hər zaman sevmək olarmış…
Müəllif: Nüsrət Kəsəmənli
Ürək
Ürək odur daim yana,
Od püskürə alovlana.
Od vermirsə qəlbə, cana
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Əgər ki, sevinib gülmür,
Döyüntüsün heç kim bilmir,
Çırpıntısı eşidilmir
Demək o, heç ürək deyil.
O heç mənə gərək deyil.
Vətəniyçün lazım gəlsə
Polad kimi gərilməsə,
Torpağına sərilməsə
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil.
Neyləyirəm o ürəyi-
Yox arzusu bir diləyi!?
Bacarmırsa o sevməyi
Demək o heç ürək deyil.
O heç mənə gərək deyil!
Müəllif: Bəxtiyar Vahabzadə
Axtarış sözləri: Sevgiyə Aid Şeirlər,şeirlər,Sevgi Şeirləri,Sevgi Üçün Şeirlər,sevgiye aid seirler,sevgi şeiri,mənalı sevgi şeirləri,sevgi seirleri,gözəl sevgi şeirləri,sevgi haqqinda seirler,