-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

20 Yanvar Şeirləri

bilgideryasi

20 Yanvara aid seirler,20 Yanvar Şeirləri,20 Yanvar Haqqında Şeirlər,20 Yanvar haqqinda seirler


 20 Yanvar Günü 

Qəsdimizə durdular,

Sinəmizdən vurdular,

Günahsızdıq, qırdılar-

İyirmi yanvar günü!

 

Geriyə çəkilmədik,

Qorxu nədir bilmədik,

Şəhid olduq-ölmədik –

İyirmi yanvar günü!

 

Neçə-neçə qəhrəman,

Susduruldu həmin an,

Küçələrdə axdı qan-

İyirmi yanvar günü!

 

Bəla var başımızda

Dil açdı daşımızda

Qaldı yaddaşımızda

İyirmi yanvar günü

Müəllif: Əli Vəkil


Şəhidlər

Qatil gülləsinə qurban gedərkən,

Gözünü sabaha dikdi şəhidlər.

Üçrəngli bayrağı öz qanlarıyla

Vətən torpağına çəkdi şəhidlər.


Zalım öyünməsin zülmləriylə,

Min bir böhtanıyla, min bir şəriylə.

Həqiqət uğrunda ölümləriylə

Ölümü kamına çəkdi şəhidlər.


O şənbə gecəsi, o qətl günü, –

Mümkünə döndərdik çox namümkünü.

Xalqın qəlbindəki qorxu mülkünü,

O gecə dağıdıb sökdü şəhidlər.


Tarixi yaşadıb diləyimizdə,

Bir yumruğa döndük o gecə biz də.

Yıxıb köləliyi ürəyimizdə

Cəsarət mülkünü tikdi şəhidlər.


Onlar susdurulan haqqı dindirər,

Qaraca torpağı qiymətləndirər.

Donan vicdanları qeyrətləndirər,

Axı, el qeyrəti çəkdi şəhidlər.


Bilirik, bu bəla nə ilkdi, nə son,

Ölürkən uğrunda bu ana yurdun.

Quzu cildindəki o qoca qurdun,

Doğru, düz cildini çəkdi şəhidlər.


Dözdü hər zillətə, dözdü hər şeyə,

"Dünyada mənim də haqqım var”, – deyə

Kütləni xalq edən müqaviləyə

Qanıyla qolunu çəkdi şəhidlər.


İnsan insan olur öz hünəriylə,

Millət, millət olur xeyri, şəriylə.

Torpağın bağrına cəsədləriylə,

Azadlıq tumunu əkdi şəhidlər.



20 Yanvar Şəhidləri Haqqında

On doqquz yanvarda doğum evləri

Ölümdən, qırğından xəbərsiz idi.

O gün Bakımızda axşamdan bəri,

Ölüm ilə həyat üzbəüz idi.

 

Güllə səslərini çağa səsləri,

Batırdı o gecə, şükür allaha!

Doldu şəhidlərin boşalan yeri,

Naşükür olmayaq, vallah, bir daha!

 

Gedən oğulların, axan qanların,

Əvəzi su səpdi yanan qəlbimə,

O şənbə gecəsi doğulanların,

Onundan doqquzu oğlanmış demə.

 

Zalimin zəfəri başdan qələtdir,

Zamanın səsini biz də dinlərik.

Dünya gücümüzə yaxşı bələddir,

Hələ biçilməmiş əkilənlərik!

Müəllif: Bəxtiyar Vahabzadə

>
To Top