ŞƏHİD ŞEİRİ
Müəllif: Leyla Mətin
Gör nələr sığdırdın bir nakam ömrə,
Hər kəsin yadında şən qala bildin
Güllələr susduran gülüşünlə sən,
Hər kəsin könlündə kök sala bildin.
Nur üzlü şəhidim, rahat uyu, yat
Vətənin azaddır, torpağın azad
Qanınla yağıdan təmizlədiyin
Basmaz torpağına bir də yad ayaq.
ŞƏHİDİM Şeiri
Müəllif: Balayar Sadiq
Adın dalğalanır Vətən boyunca,
Bir ovuc torpagın gözləri gülür.
O qızın gözündən məzarın üstə.
Köynəyi islanmış Zəfər tökülür.
… Torpağın alnında möhür yeridir,
Şəhid imzasını daşıyan məzar.
Ayaq altda qoyub bir igid ömrün,
Vətəni çiynində daşıyan məzar...
QƏHRƏMANLAR UNUDULMUR ŞEİRİ
Müəllif: Elvin Elxanoğlu
Kim deyir səhidlər ölür, yalandı,
Şəhidlər torpağa yeni can verir.
İllərdir yaralı idi Qarabağ,
Şəhidlər,qazilər ona qan verir.
Tarix unutmayır qəhrəmanları,
Bugün Qarabağda dastan yazıldı.
Vətən torpağına göz dikənlərin,
Alnına əbədi damğa basıldı.
Vətənə canını qurban dəyərək,
Ölümsüzlük yolun seçdi şəhidlər.
Torpağı düşməndən azad edərək,
Ömürlük tarixə keçdi şəhidlər.
Şəhidlər ŞEİRİ
Müəllif: Pirim Pirimov
Siz ey Vətən yolunda şirin canından keçib,
İgidliyi, mərdliyi özünə amal seçib,
Ömrün bahar çağında həyatdan erkən köçüb,
Ölümüylə bu yurdu, torpağı yaşadanlar,
Yaşayan hər ömürdə qanınız, canınız var!
Səs verdiniz Vətənin harayına, səsinə,
Yüksəldiniz müqəddəs şəhidlik zirvəsinə.
Məzarınız dönübdür ziyarət türbəsinə.
İnanın, and içirik, qanınız alınacaq,
Xatirəniz, ruhunuz həmişə anılacaq!
Bir ata övladından el oğluna döndünüz,
Kim deyər ki, öldünüz, kim deyər ki, söndünüz?!
Gələcək nəsillərə yetəcəkdir ününüz.
Siz bu gün də, sabah da, əsrlərlə sağsınız,
Bu yurdun sinəsində vüqarsınız, dağsınız!
Siz yazdınız millətin tarixini qan ilə,
Sinənizdə yurd saldı yurda atılan güllə.
Məzarınız tutulur min çiçəyə, min gülə,
Tərsiniz çiçək kimi, həmişə baharsınız!
Azərbaycan köksündə əbədi yaşarsınız!
Şəhid Mürsəliyev Sübhiyə
Müəllif: Elşad BARAT
Bu vətənin, torpağın
Üzərində yeriyən,
Hər kəsinin şəhidi,
Kəndinin, şəhərinin,
Ölkəsinin şəhidi.
Necəsən, yoldaş mayor?
Vətənə sirdaş mayor!
Hamıya ata oldun,
Hamıya qardaş, mayor!
İndi sən yaşayırsan
Vətənin hər yerində, -
Dağda, daşda, dənizdə,
Deyim sənə, biləsən,
Qələbə qazanmışıq
Sizlərin sayənizdə.
Qazanmışıq Şuşanı,
Laçını, Kəlbəcəri.
Sizlər bizə yaşatdız
Bu tarixi qələbə,
Bu tarixi zəfəri.
Rahat uyu, rahat yat,
İgidliyi tarixə,
Yazılmış kitab mayor.
Sən daha çevrilmisən
Vətənə, cənab mayor!
Çevrilmisən müqəddəs
Sözlərin hamısına,
Hamımız baş əyirik
Şəhid daşından baxan
Üzlərin hamısına.
Sağ ol, görüşəcəyik,
İnsan yenə doğulur,
Ruhlar bətnə gəlir.
Bir də ki, cənab mayor,
Dur, atanı qarşıla,
Ziyarətinə gəlir.
”Ağlama, Şəhid Anası!
Müəllif: Gülnarə Sadiq
Sil göz yaşlarını, ağlama heç vaxt,
Şəhidlik ucadan ucadır, ana.
Toyumçün aldığın o tər xınanı
Qoy ağ saçlarına elə gəl, ana.
Uca tut başını, əymə heç zaman,
Yanımda gözlərin gülsün, ay ana.
Yarıma de məni gözləməsin o,
Mən gələ bilmirəm o gəlsin, ana.
Söylə ağlamasın mənsiz gecələr
Ulduzla yolladım eşqimi, ana.
Onu tənha qoyub gedərəmmi heç,
Nəfəsimi köksünə həkk etdim,ana.
Sən gəl heç darıxma, nigaran qalma,
Mən ərşin qoynunda xoşbəxtəm, ana.
Kor bir qurşun dəydi qəlbimə mənim,
Ruhum səmalara ucaldı, ana.
Cismimi bürüyüb yumşaq ipəyə,
Mələklər cənnətə apardı, ana.
Müəllif: Elşad Barat
İgid kimi getmişdin,
İgid kimi qayıtdın,
Sən öz bəy otağına,
Şəhid kimi qayıtdın.
Qayıtdın savaşlardan,
Evinə-eşiyinə,
Qoy anan lay-lay desin,
O tabut-beşiyinə.
Şəhidin yeri bəlli,
Şəhidin taxtı bəlli,
Bəzənib bəy otağın,
Toyunun vaxtı bəlli.
Elə bil ki, toyundu,
Hamı yığışıb gəlib,
Gözlər bulağa dönüb,
Qəlblər alışıb gəlib.
Bir gecədə qar yağıb,
Ananın saçlarına,
Çıxıbdır qabağına,
Nişanlın qara geyib,
Gəlibdir otağına.
Sən də bəylik yerinə,
Bayrağı geyinmisən,
Vətənə bürünmüsən,
Torpağı geyinmisən.
Geyinmisən əyninə,
Qəhrəmanlıq libası,
Bayraq, vətən boydadır,
Şəhidliyin mənası.
Şəhidlər ölməzdilər, -
Hamının bir sözü var,
Şuşa qayalarında,
Ayağının izi var.
Sənin kimi oğullar,
Vətənə can dedilər,
93-də tökülən,
Qanlara qan dedilər.
Başımızın tacısız,
Nə qədər ki, varıq biz.
And olsun o Bayrağa.
Sizi unutmarıq biz.
ŞƏHIDLƏR CƏNNƏT QUŞU
Müəllif: Ayşən Oruclu
Vətən bayrağına büründü şəhid
Düşmənə torpağı verməmək üçün
Düşmən gülləsi ilə vuruldu
Dizin yerə qoyub öpdü bayrağın
Bayrağın önündə and içdi Şəhid
Son sözün söylədi:
“Vətən Bölünməz”.
Poladı bir əsgər oldu o gündən
“İrəli əsgərlər!yaşasın Vətən”
Torpağı qanı ilə suvardı
Bayrağı qanı ilə boyadı şəhid
Vətənin “Ana” tək sevirdi şəhid.
Vətənin uğrunda can verdi şəhid
Ölməzlik adını göyə ucaltdı
İgidlik adına layiqdi şəhid
“İrəli əsgərlər! yaşasın vətən”
Torpağı qanı ilə suvardı şəhid
Vətənin uğrunda canını Verdi
Üzün yerə qoyub opüb torpağın
Torpaqda al qana boyandı şəhid
Torpağın ana tək bağrına basıb
Anasın çağırıb son nəfəsində
Torpağın üstündə can verdi şəhid
Şəhidlik adını ucaltdı Şəhid
ŞƏHİDİN SON SÖZÜ
Müəllif: İlhamə MƏHƏMMƏDQIZI
Yaxın gəlin mənə əziz qardaşlar,
Son sözümü sizə deyib gedirəm.
Ömrümü fəth edib xoş arzularla,
Azadlıq donunu geyib gedirəm!
Vuruşdum düşmənlə ər meydanında,
Yaranı sinəmdən alıb gedirəm.
Azəri yurdumu canımdan əziz
Sanmışam, oduna yanıb gedirəm!
Vətən anamızdır, torpaq yadigar,
Mərdliyin toxumun səpib gedirəm.
Bu deyil ayrılıq, qovuşuram mən,
Qucaqlayıb onu öpüb gedirəm!
Vətənin uğrunda verdiyim canı,
Vətənin qurbanı bilib gedirəm,
Mələklər cənnətə aparır məni,
Müqəddəs varlığı sevib gedirəm!
İndi son laylamı mən eşidirəm,
Bilin, son arzuma çatıb gedirəm,
Vətən ruhlarına dediyi layla,
Şəhid beşiyində yatıb gedirəm"
ŞƏHIDIN SƏSI ŞEİRİ
Müəllif: Hafiz Zeynal
Şəhidlərə Aid Şeirlər |
Dinlə məni düşün biraz
Minlərin son nəfəsiyəm
Bu gün torpaq altda yatan
Həmin şəhidin səsiyəm
Unutmayın bizi bir an
Keçsə də çox uzun zaman,
Düşmənə dilədən aman
O ordunun mərd kəsiyəm
Bu gün torpaq altda yatan
Həmin şəhidin səsiyəm.
Məni bilənlərdən soruş,
Cəsarətli o mərd duruş
Kiməsə tez unudulmuş
Həmin şəhidin səsiyəm
Mən yetim qalan uşaqların
Mən odu sönmüş ocağın
Mən namusu Qarabağın
Şah babamın nəvəsiyəm
Bu gün torpaq altda yatan
Həmin şəhidin səsiyəm.
HANI DEYİB CƏNAZƏMİ, AĞLAMA
Vəsiyyətim budur sənə, can ana,
Yana-yana göz yaşların axmasın.
Mən necə qıymazdım Vətənçün cana,
Hanı deyib cənazəmi ağlama.
Ağlamamaq yandıracaq düşməni,
O cürətin qandıracaq düşməni,
Dəyanətin sındıracaq düşməni,
Hanı deyib cənazəmi ağlama.
Mənə sən vermisən qanı, qeyrəti,
Mənə sən vermisən canı, qüvvəti.
Yaraşmaz bizlərə məğrur qaməti,
Hanı deyib cənazəmi ağlama.
Kimlər çatar, kimlər çatmaz bu ada.
Torpağın payıdı hamı dünyada.
Ağlamaz anası igid övlada,
Hanı deyib cənazəmi ağlama.
Aman istəmədim mən düşmənimdən,
Vursun sinəmdəki mərd ürəyimdən.
Yara almamışam mən kürəyimdən,
Hanı deyib cənazəmi ağlama.
Mən mərd oldum, mərd vuruşdum meydanda,
Vətənimə sadiq oldum hər anda.
Qürbət məni məzara tapşıranda,
Hanı deyib cənazəmi ağlama.
Allahımdam mən dilədim rəhməti,
İstədim ki, gedim görəm cənnəti,
Nə olsun, cəsədim seçdi qürbəti,
Hanı deyib cənazəmi ağlama.
Mələklər duracaq məzarım üstə,
Güllər qoxuyacaq məzarım üstə.
Bülbül oxuyacaq məzarım üstə,
Ana, məni, ana, məni ağlama,
Hanı deyib məzarımı ağlama!
Açar Sözlər: şəhidlər şeiri, Şəhidlərə Aid Şeirlər,sehid seiri,sehid haqqinda seir,sehid seirleri, şəhid anası şeiri ,şəhid şeiri,