-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

9 Şair 9 Şeir - Azərbaycanlı Şairlərdən Mənalı Şeirlər

 

menali-seirler-azərbaycan-seirleri-sairler-sairlerimiz-seirleri-seir

1) Ürək – Bəxtiyar Vahabzadə

2) Məhəbbət – Mikayıl Müşviq

3) Dünya – Səməd Vurğun

4) Yağış yuyur, gün qurudur -Ramiz Rövşən 

5) Əliağa Vahid

6) Əyilmə - Xəlil Rza Ulutürk

7). Asandı - Fikrət Qoca

8) Qadın – Hüseyn Cavid

9) YeddiGözəl - Nizami Gəncəvi 


1) Ürək – Bəxtiyar Vahabzadə

 

 Ürək odur daim yana,

 Od püskürə alovlana.

 Od vermirsə qəlbə, cana

 Demək o heç ürək deyil.

 O heç mənə gərək deyil.

 

  Əgər ki, sevinib gülmür,

  Döyüntüsün heç kim bilmir,

  Çırpıntısı eşidilmir

  Demək o, heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Vətəniyçün lazım gəlsə

  Polad kimi gərilməsə,

  Torpağına sərilməsə

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil.

 

  Neyləyirəm o ürəyi-

  Yox arzusu bir diləyi!?

  Bacarmırsa o sevməyi

  Demək o heç ürək deyil.

  O heç mənə gərək deyil!

 

 

2) Məhəbbət – Mikayıl Müşviq

 

Mən ki, bilməz idim nədir məhəbbət.

Bu sirri sən mənə anlatmadınmı?

Dünyaya sığmayan şair könlümü

Köksümdən çıxarıb oynatmadınmı?

 

Mən ki, nəğmə deyib bənövşələrdən

Peşəm zövq almaqdı bir şux dilbərdən.

Məndən uzaq gəzib,dolanıb hərdən,

Qəlbimi sıxmağa can atmadınmı?

 

Min hicran könlümü alanda ələ,

Zərrəcə halıma yanmadın belə.

Müşfiqin qəlbini tez alıb ələ,

Onu röyalardan oyatmadınmı?

 

3) Dünya – Səməd Vurğun

 

Buludlar dağılır uzaqda lay-lay,

Yenə öz yerində yuvarlanır ay,

Fəqət nə Cəlal var, nə də ki, Humay,

Nə ömrə acıyır, nə yaşa, dünya.

 

Ulduzlar havanın bağrını dəlir,

Qayalı dağlardan duman yüksəlir,

Xəyalım gecəni salama gəlir,

Çapdırır atını birbaşa dünya.

 

Ellərə baxıram bağçalı, bağlı,

Göylərə baxıram qapısı bağlı,

Kainat ixtiyar, sirli, soraqlı,

Əzəldən yaranıb tamaşa dünya.

 

Bir də görürsən ki,açılan solur,

Düşünən bir beyin bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Əzəldən belədir, çünki kainat,

Cahan daimidir, ömur amanat.

Əldən-ələ keçir vəfasız həyat.

Biz gəldi-gedərik, sən yaşa dünya!

 

 

4) Yağış yuyur, gün qurudur - Ramiz Rövşən

 

Bu yerləri, bu göyləri

Yağış yuyur, gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur, gün qurudur.

 

Gözümüzün yaşını da,

Bağrımızın başını da,

Qəbrimizin daşını da

Yağış yuyur, gün qurudur.

 

Gələn nədir, gedən nədir?

Bələk nədir, kəfən nədir?

Bu dünya öz kefindədir,

Yağış yuyur, gün qurudur.

 

... Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur, gün qurudur..

 

 

5) Əliağa Vahid

 

Vardır indi, gözəlim, başqa məlahət Bakıda,

Gəl edək sövq ilə hər yanı səyahət Bakıda.

 

Gələcək nəslə bu tarixi şərafətdir ki,

Görürük özgə səfa, özgə lətafət Bakıda.

 

Bu gözəl ölkə işıqlandırır hər bir tərəfi,

Gülür insan üzünə nuri–səadət Bakıda.

 

Çıx tamaşaya, xüsusən Xəzərin sahilinə,

Baği-cənnət, daha tərifə nə hacət Bakıda!

 

Get–gedə qalmayacaq köhnə binalardan əsər,

Tikilibdir– yeni minlərcə imarət Bakıda.

 

Hansı bir sahə olursa, vətən oğlanlarının,

Borcudur, göstərə hər işdə məharət Bakıda.

 

Əsrlərdir, qocaman Qız qalası qalmışdır,

Göstərir xalqa vüqar ilə iqamət Bakıda.

 

Bu cəsarət, bu sədaqətlə bütün dünyaya,

Haqlıdır, xalqımız eylərsə fəxarət Bakıda.

 

Sülhə doğru nə çətinlik, nə fəlakət var isə,

Onu dəf etməyə var bizdə cəsarət Bakıda.

 

O gün olsın ki, bütün düşmənimiz xar olsun,

Eyləyək şadlıq ilə gündə ziyafət Bakıda.

 

 

6) Əyilmə - Xəlil Rza Ulutürk

 

Qalsan belə susuz, ac,

Yavan çörəyə möhtac,

Boğazına ilan tək

Sarılsa da ehtiyac.

Ehtiyac ürəyini

Köksündən qoparsa da,

Odu, suyu, havanı,

Evindən aparsa da,

Ağız açma namərdə!

Ürəyində dərd, yaşa.

Sən İNSANSAN! ƏYİLMƏ

Yoxsul yaşa.

Mərd Yaşa!!



7). Asandı - Fikrət Qoca

İnsan ən uca zirvə-

Ucalmağa başlasa.

İnsan ən kiçik zərrə-

Kiçilməyə başlasa.

Bu fərqin arasında

İnsan, insan, insandı,

Ucalmaq da asandı,

Kiçilmək də asandı.

 

 

8) Qadın – Hüseyn Cavid

 

Qadın, qadın?! Onu duymaq, duyurmaq istərkən

Yaxar düşüncəmi bir şölə, bir zəhərli dikən.

Bütün həyatı çiçəkləndirən fəqət o… niçin,

Niçin əzilsin o, bilməm niçin sürüklənsin?!

Qadın-günəş, çocuq-ay…nuru ay günəşdən alır,

Qadınsız ölkə çapuq məhv olur, zavallı qalır.

Qadın əlilə fəqət bəxtiyar olur şu cihan.

O bir mələk… onu təqdis edər böyük Yaradan.

O pək sevimli, gözəl, incə, nazlı bir xilqət,

Onun ayaqları altındadır fəqət cənnət:

Qadın gülərsə şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək.

 

 

9) Yeddi Gözəl - Nizami Gəncəvi

 

Mal-dövlət bol idi, millət fərəhli,

Fərəhlə gəlirdi hər təzə ili.

Bu rifahdan sonra gəldi elə gün,

Xalq şükür etməyi unutdu bütün.

Təkkəbbür onları çıxartdı yoldan,

Çıxdı yadlarından böyük Yaradan.

Kim nemət verəni yada salmasa,

Şükür eləməsə, razı qalmasa,

Dar olar başına bu geniş cahan,

Onun ruzusu da çıxar qayadan.

>
To Top