Kənd uşaqları
- Gəl, gəl-deyir çəmən-düz,
Yamaclara tutub üz.
Dərələri, dağları
Dolaşır gecə-gündüz
Bizim kənd uşaqları.
Yetişəndə gilənar,
Alma, armud, heyva, nar
Baxçaları, bağları
Gizli-gizli dolanar
Bizim kənd uşaqları.
Müəllif: Tofiq Mahmud
İşıqfor uşaq şeiri
Qırmızı, yaşıl, sarı
Nəqliyyat işıqları
Yanmasa o işıqlar,
Yollar tamam qarışar.
Qırmızı yandı - dayan
Maşın gəlir o yandan.
Sarıda tələsməyən
Uzaq olar bəladan.
Yandı yaşıl - oyaq ol!
Marş irəli, yaxşı yol
Balıq şeiri
Dənizdi, çaydı, Vətənim
Pulla örtülüb bədənim,
Qiymətlidir, kürüm, ətim,
Çox itidir sümüklərim,
Üzgəc, quyruq, qəlsəmələr,
Məni suda üzdürərlər.
Lıq-lıq edir suda dilim,
Adımı siz deyin, bilim.
Lalə şeiri
Qоnağısan yaylağın,
Hər çəmənin, hər dağın.
Alоv kimi yanırsan,
Xallı оlur yanağın.
Adındır bahar qızı,
Dоnunоlur qırmızı.
Açanda bəzəyirsən,
Sevimli yurdumuzu…
Müəllif: Mirmehdi Seyidzadə
Ailə albomu
Bizim də evimizdə
Ailə albomu var.
Ona baxanda sanki
Hamı yanımda olar.
Bax, bu mənim babamdı,
Bu da sevimli nənəm.
Nənəm nağıl deyəndə
Ən çox sevinən mənəm.
Bu əmim, bu bibimdi,
Bu da xalamla dayım.
Mən kənddə keçirəcəm
Dayımla gələn yayı.
Sabah doğum günündü-
Anam dedi, üzülmə.
Albomdan çıxıb hər kəs
Sabah gələcək bizə.
Müəllif: Mina Rəşid
Qış ötüşüb yaz gələr,
Avazlanar uşaqlar.
Günlərin bağrın dələr,
Pərvazlanar uşaqlar.
Səadətlə oynaşar,
Qanlar odla qarışar,
Şadlığı aşıb-daşar,
Nə yazlanar uşaqlar?
Dər-divarı eşərlər,
Torpaqla güləşərlər,
Can deyib dilləşərlər,
Hey nazlanar uşaqlar.
Oynamaqdan doymazlar,
Evə ayaq qoymazlar,
Nə yoruldum duymazlar?
Bəyazlanar uşaqlar.
Dünyaya işıq təki,
Evə yaraşıq təki,
Sinəyə aşıq təki,
Nə sazlanar uşaqlar?
Müəllif: Şirinxanım Kərimbəyli
Öz yurduna gərək olaq
Ay uşaqlar, Vətən əziz,
Ona vuran ürək olaq.
Bir sevdadır – eşqi dəniz,
Öz yurduna gərək olaq.
Onunla gur çırağımız,
Odur könül varağımız,
Bu dünyada sorağımız,
Gəlin ona dirək olaq.
Cahan içrə bir cahandır,
Damarlardan axan qandır,
Ocağın aç, odun yandır,
O bədəndə duran candır.
Qorumağa zirək olaq.
Vətən ana, Vətən bacı,
Dərdimizin hər əlacı,
O millətin başda tacı,
Ona ürək-dirək olaq.
Müəllif: Şirinxanım Kərimbəyli