-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Bəxtiyar Vahabzadə Şeirləri

bilgideryasi

 
Bəxtiyar Vahabzadə Şeirləri,bextiyar vahabzade seirleri vahabzadənin

Mənim anam şeiri-  Bəxtiyar Vahabzadə.

Savadsızdır, adını da yaza bilmir 

Mənim anam...

Ancaq mənə say öyrədib,

Ay öyrədib, il öyrədib;

Ən vacibi, dil öyrədib 

Mənim anam...

Bu dil ilə tanımışam 

Həm sevinci, kəm də qəmi...

Bu dil ilə yaratmışam 

Hər şeirimi, hər nəğməmi

Yox, mən heçəm, mən yalanam, 

Kitab-kitab sözlərimin 

Müəllifi - mənim anam!..


Yaşamaq eşqi070

Hər gün artır saçımda

Təzə qırov, təzə dən.

Yaşamaq istəyirəm

Gəncliyimi təzədən.

Həyat necə gözəldir,

Həyat necə şirindir,

Ömür, mənim deyil ki,

Ömür, diləklərindir...


Ey qanadlı fikirlər,

Ey qanadlı xəyallar,

Hələ mənim sabaha

Neçə - neçə sözüm var.

Ürəyimdən keçəni

Duya bilər kim mənim?

Yaşadıqca çoxalır

Yaşamaq eşqim mənim!


Kitab

Kitab böyük müəllimdir,

Sinəsində min aləm var.

O səni bir insan kimi

Gah güldürər, gah ağladar.


Dili yoxdur, o danışır,

Hər bir şeydən xəbər verir.

Ata kimi sənə bəzən

Kitab doğru yol göstərir.


Bu dünyanın hər sirrini

Bizə deyir bu kitablar.

Ömrümüzün yollarına

Nur çiləyir bu kitablar.


Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.

Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,

Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,

Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.


 Azərbaycan


Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,

Mahnımızda yaşar bizim babaların addım səsi.

Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,

Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.


Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.

Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.

Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,

Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.


Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,

Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.

Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,

Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.


Ağıl başqa, ürək başqa

Ağıl başqa, ürək başqa

Bir-birinə bənzəsə də, 

Yel başqadır, külək başqa. 

Ətri də xoş, rəngi də xoş 

Gül başqadır, çiçək başqa. 

Hər diki yoxuş bilmə, gəl, 

Hər meyi meyxoş bilmə, gəl. 

Hər uçanı quş bilmə, gəl 

Quş başqadır, böcək başqa. 


Hər dərdinə ortaq mənəm, 

Hər ağrını tən bölənəm, 

Sən çəkənsən, mən gələnəm 

Gəmi başqa, yedək başqa. 



Haqqın yolu-öz yolumdur, 

Əyilməyən düz yolumdur, 

Xeyirlə şər sağ - solumdur 

Şeytan başqa, mələk başqa. 



Bir diləyə mən calandım, 

Gah qazandım, gah talandım, 

Ömrüm boyu haçalandım 

Ağıl başqa, ürək başqa. 

 

Dilək oldu mənim adım, 

Pərvazlandı qol-qanadım, 

Ҫatmadı səbrim, inadım 

Əməl başqa, dilək başqa.


Səndən doymaq olarmı, həyat sən nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!..

Özünü bu dünyada heç kəs qonaq sanmamış,

Ancaq ömrün özü də bərabər paylanmamış.

Ömür paylanan zaman görün kimə nə düşdü

Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər bu dünyada qəlbini qoydu getdi.

Dünən qoca bir qarı dilində ahu-zarı.

«Bu dünyanın əlindən gəlmişəm zara»- dedi.

"Ölmürəm ki, bir dəfə canım qurtara"- dedi.

Ürəkdənmi söylədi o, bu sözü görəsən?

Xeyr, inanmıram mən!

O yana- yana dedi:

Dili söyləsə də, ürəyində o dərhal

«Lənət şeytana!»- dedi.

 

 

Həyat, sevincin qədər əzabın da şirindir,

Səni mənalandıran o keşməkeşlərindir.

Iki yüz il yaşadı ləzzət içində Loğman,

Yenə möhlət istədi ölürkən Allahından.

Yatırdı göy çəməndə, çatdı ona Əzrail.

Söylədi- İki yüz il ömür sənə bəs deyil?!

 

Mən canını almağa gəlmişəm, nə sözün var?

Loğman dedi:- Sözüm yox, aldığını gəl apar.

Ancaq mənə macal ver bircə anlıq əcəldən,

Gəl canımı burda yox, o çəmənlikdə al sən.

Əzrail razılaşdı…

Ayağa qalxdı Loğman

Yeridi,

Daş asıldı ancaq ayaqlarından,

 

Asta- asta yeriyib çatdı dediyi yerə.

Loğman baxdı göylərə, Loğman baxdı yerlərə

Bu son baxışı ilə üstündə iki yüz il

Yaşadığı cahanla vidalaşdı elə bil…

Özü vidaşladısa, gözü qaldı cahanla

O, düşündü bu anda:

«Nə görmüşəm dünyada bu dünyaya gələndən?

Ah… elə bilirəm ki,dünən doğulmuşam mən.


Ömrümü verdim bada,

Nə görmüşəm dünyada.»

 

Loğmanın gözü bu an bir gülə dəydi durdu.

Ürəyini quş kimi gülə doğru uçurdu.

«Ah… onu kim üzəcək, bircə biləydim,- dedi.

O gülü də iyləyib sonra öləydim»,- dedi.

Ancaq, ancaq nə fayda...Yetişmiş artıq əcəl,

Loğman dedi:- Hazıram, al canımı indi sən,

Əzrail dedi:- Ancaq agah eylə məni sən,

Ölüm üçün nə fərqi bu çəmən, ya o çəmən?

Neçin məni qoymadın orda alım canını?

Loğman dedi:- Həyatın şirin olur hər anı

Ordan bura gəlincə bir az ömür qazandım,

Onu da bu dünyadan özümə fayda sandım.

 

Qoca öldü…

Dedilər:- Yaranan bir gün ölər.

Nəvələri çəməndən həmən gülü üzdülər,

Loğmanın qəbri üstə qoydular,

Titrədi gül,

Gülün ətri ilə doldu bütün çayır, bütün çöl.

O, ətriylə saxladı yolçuları yolundan,

Torpağın altındasa bunu duymmadı Loğman.

 

Həyat sən nə şirinsən, kim səndən doydu getdi?

Gedənlər öz qəlbini dünyada qoydu getdi.

Səndən doymaq olarmı, çoxun,azın da şirin.

Həyat qışın da şirin, həyat yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında…

Həyatımın qayğısız, fərəhli anlarında qədrini bilməmişəm.

Hələ nə var ki… "ömrüm qabaqdadır"- demişəm.

Otuzdan adlayınca, gündə otuz min kərə

Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən, nə şirinsən!

Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!


>
To Top