-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Payız haqqında şeirlər | Payız şeirləri

bilgideryasi

 


Payız şeirləri,şeirlər,Payız haqqında şeirlər,payiz haqqinda seirler,payiza aid seirler


 Payız şeiri 

Payız gəlib, küləklər

Gəzir yenə bağları.

Hər tərəfə sovurur

Saralmış yarpaqları.

Axıb gedir buludlar

Yenə də karvan-karvan.

Dərələri, dağları,

Bürüyür çiskin, duman.


Mərcan kimi qızarmış

Moruqlar parıldayır.

Ağaclarda qarğalar

Səs salıb qarıldayır...

Yağır güclü yağışlar,

Günlərcə vermir ara.

Almaz kimi şeh düşür

Bağçalara, bağlara.

Müəllif: Mirmehdi Seyidzadə


  “Payızın səyahəti” şeiri

Payız gəldi, quşlar köçdü,

Qalın meşə qaldı çılpaq.

Payız yeli heyvanlara

Xəbər verdi: – Yağacaq qar!

Çəpgöz ayı, yumru kirpi,

Yanlarında qara böcək

Dedilər ki, qış gəlməmiş,

Yuvalara enək gərək.

Müəllif: Mirvarid Dilbazi.


Qızıl Payız şeiri

Yenə gəldi qızıl payız

Hər tərəfə yağdı yağış

Quşlar köçdü isti yerə

Əsdi külək birdən-birə


Yenə gəldi qızıl payız

Çaxdı şimşək,qopdu tufan

Yağış yağdı buludlardan

uzaq qaldıq durnalardan.


Yenə gəldi qızıl payız

fərqi yoxdur oğlan ya qız

hər kəs gedir məktəblərə

elm, bilik öyrənməyə


Yenə gəldi qızıl payız

bitdi artıq qızmar hava

nur saçmayır günəş daha

təslim olub buludlara


Yenə gəldi qızıl payız

yenə gəldi qızıl payız

Müəllif: Harezmi


Payız şeiri

Buz göydən boylanır,

Solğun günəş sap-sarı.

Qəmli-qəmli keçirlər,

Durnaların qatarı.

Başa çatdı yay fəsli,

Yenə açdı mədrəsə,

Kilaslarda uşaqlar

Yenə verdi səs-səsə.

Külək əsdi qopardı

Yarpaqları budaqdan,

Bir parçası narıncı,

Bir parçası al-əlvan.

Nəfəsindən ağ yelin

Soldu çəmən, soldu gül,

Hicranından bülbülün

Yarpaqların yoldu gül.

Şehə çökübdür çəmən,

Duman bürüyüb dağı,

Tüstüləyir çobanın

Yaş tikanlı ocağı.

Karvan-karvan qap-qara

Göydə buludlara bax!

Budaqlardan sallanan

Qıp-qırmızı nara bax!

Mehr, aban, azərəm

Çən-duman nəfəsliyəm

Mən payızam, rənglərin,

Meyvələrin fəsliyəm.

Müəllif: Həbib Fərşbaf


Payız duyğuları şeiri


Payızın hökmüylə əsdi bir külək, 

Bir yaşıl səltənət çovğuna düşdü. 

Ağaclar bir yaş da qocaldı demək, 

Bir yarpaq nəsli də qırğına düşdü.


Aldı verdiyini geriyə torpaq, 

Qazancı nə oldu bağın-bağçanın. 

Bir yarpaq boy atdı körpə bir uşaq, 

Ömründən bir yarpaq düşdü qocanın.


Palıdlar tab etdi sükuta, yasa, 

Gilas yarpaqları qızardı, düşdü. 

Hansı bəxtəvərin növcavanınsa 

Üzünə bir yarpaq qızartı düşdü.


Çox yarpaq tökümü görüb yerimiz, 

Soraq tutmaq olmur cığırdan, izdən. 

Torpaq altındakı əzizlərimiz 

Yenə də bir yarpaq gen düşdü bizdən.


Bir yarpaq da düşdü Bəzz qalasına, 

Divarlar bir yarpaq çökdü aşağı. 

İgid Babəklərin, Koroğluların 

Bir yarpaq uzaqdan gəldi sorağı.


Yarpaqlar, belədir zamanın hökmü,

Tökülün, əbədi ömrə tamarzı. 

Tarixin yüz illik yarpaq tökümü, 

Olacaq bir yarpaq yaddaş kağızı.


Payızın ağzından əsdikcə külək, 

Bir yaşıl səltənət çovğuna düşdü. 

Ağaclar bir yaş da qocaldı demək, 

Bir yarpaq nəsli də qırğına düşdü. 

Müəllif: Musa Yaqub



Nəbi Xəzri. Qızıl payız


Gəlir səhər, gedir duman

Göylər qalır buludlara.

Sanki günəş öz nurundan

Don biçibdir palıdlara.



Cığırlardan mahnı, gülüş

Əskilməyir nə zamandır.

Meşə qızıl, göylər gümüş,

Sanki çay da büllurdandır.



Yelmi əsir səhər-səhər,

Ya çöllərin gül ətridir?

Dağdan axan şəlalələr

Qucağında zər gətirir.



Düzlər axar-baxarlıdır,

Ağ cığırlar çıxır yola.

Gör təbiət nə varlıdır,

Qızıl səpir sağa-sola.


 


Uçur quşlar qatar-qatar,

Hərə gedir öz yerinə.

Maşın keçir, zər yarpaqlar

Göyə qalxır toz yerinə.



Axşamın sakit çağında,

Alov tutub çölü, düzü.

Palıdların qucağında

Gecələyir günəş özü.


 


Bax ulduzlar nur çiləyir,


Bu yer hara, qüssə hara!

Qızıl payız nəğmə deyir

Qızıl qılbli insanlara!


>
To Top