✍ Müəllif: Heydər Ələddinoğlu
Müjdə ver ulduza,müjdə ver aya,
Bu nə bir xəyaldır,nə də ki röya.
Eşitsin kainat,eşitsin dünya
Biz qalib ölkənin vətəndaşıyıq.
Düşmən hikkəsindən alışıb-yansın,
Bu üç rəngli bayraq hey dalğalansın.
Millətim özünü qoy xoşbəxt sansın
Biz qalib ölkənin vətəndaşıyıq.
Zaman səhvləriylə batdı günaha,
Tarix ümidini verdi sabaha.
İtən qürurumuz qayıtdı daha
Biz qalib ölkənin vətəndaşıyıq.
Sevincdən titrəyir həm göyüm,yerim,
Yarıb ürəyimi Sizə göndərim-
Siz Ali Baş Komandan,Siz ey əsgərim
Biz qalib ölkənin vətəndaşıyıq!
2️⃣ZƏFƏR GÜNÜN MÜBARƏK ŞEİRİ
✍ Müəllif: Elvin Elxanoğlu
İllərlə səbr edib dözdü bu xalqım,
Bilirdi bu həsrət bir gün bitəcək.
Qarabağ düşməndən azad edildi.
Azərbaycan, zəfər günün mübarək.
Bilsinlər şəhidlər, bilsin qazilər,
Tökülən o qanlar olmadı hədər,
44 gündə gəldi bu böyük zəfər,
Qarabağ bizimdir, hamı biləcək!
Azərbaycan zəfər günün mübarək!
Qanla tarix yazdı şanlı ordumuz,
Zəfərlə taclandı milli ruhumuz,
Özünə qayıtdı Cənnət yurdumuz,
Artıq Qarabağım çiçəklənəcək!
Azərbaycan zəfər günün mübarək!
Dastan yazdı hər zabitin,əsgərin,
Dağıtdı düşmənin postun, səngərin,
Qarşında diz çökdü mənfur düşmənin,
Hər zaman qarşında tir-tir əsəcək!
Azərbaycan zəfər günün mübarək!
Var xalqımın müzəffər sərkərdəsi,
Qılıncdan itidir onun kəlməsi,
Bəs eyləyər bircə kəlmə deməsi,
Dəmir Yumruq yenidən birləşəcək!
Azərbaycan zəfər günün mübarək!
Minlərlə şəhidlər, bunca qazilər,
Nə də gördüyümüz o faciələr,
Nə qədər üstündən keçsə də illər,
Heç vaxt yaddaşlardan silinməyəcək!
Azərbaycan zəfər günün mübarək!
Zəngilan bizimdir, Laçın bizimdir!
Kəlbəcər, Fizuli, Ağdam bizimdir!
Xankəndi, Xocalı, Şuşa bizimdir!
Düşmən birdə yuxusunda görəcək!
Azərbaycan zəfər günün mübarək!
Elxanoğlu deyir, gəlin səbr edək,
30 il dözmüşük, 5 il də dözək,
Yenə də düşmənlər ağıllanmasa,
Ordumuzu İrəvanda görəcək!
Azərbaycan zəfər günün mübarək!
3️⃣ SƏN QALİBSƏN AZƏRBAYCAN! ŞEİRİ
✍ Müəllif: Ağayeva Şəlalə Nadirqızı
Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan
Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan
Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan
Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan
Xarı bülbülün sevindi
Şuşanda azan verildi
Düşmənin yaman yenildi
Sən qalibsən Azərbaycan
4️⃣BU ZƏFƏRİN MÜBARƏKDİR, EY VƏTƏN ŞEİRİ
✍ Müəllif: Adilə Nəzər
Qış günündə üzdə çiçək açdıran,
Gecəmizə gün işığı saçdıran,
Yağıları el-obadan qaçdıran
Bu zəfərin mübarəkdir, ey vətən!
Səman geniş hey uçduqca uçasan,
Torpağını ana kimi qucasan,
Qələbənlə Qaf dağından ucasan,
Bu zəfərin mübarəkdir, ey vətən!
Olmaz imiş, sözdür, dostu düşənin,
Dostu aldı qəlbin "qəlbişüşənin",
Söylənəcək yüz il fəthi Şuşanın,
Bu zəfərin mübarəkdir, ey vətən!
Haqq deyənlər, haqq yolundan azdılar,
Tarix boyu sənə quyu qazdılar,
..Oğulların şanlı tarix yazdılar,
Bu zəfərin mübarəkdir, ey vətən!
Qürurluydu bu Qarabağ səfəri...
Bu torpağın hər oğlu, hər nəfəri,
Qanımızla qazanmışıq zəfəri,
Bu zəfərin mübarəkdir, ey vətən!
Şuşamızda dağlar başı dumanlı,
Daha bir də kimsə olmaz gümanlı,
Qazin rəşadətli, Şəhidin sanlı,
Bu zəfərin mübarəkdir, ey vətən!
Xarı bülbül gələr bu yaz, səcdənə,
Dursam min il, yenə də az, səcdənə,
Dayanıbdı bütün Qafqaz səcdənə,
Bu zəfərin mübarəkdir, ey vətən!
5️⃣ AZƏRBAYCAN ƏSGƏRINƏ ŞEİRİ
✍ Müəllif: Adilə Nəzər
Ey adlı qəhrəman, adsız qəhrəman,
Qarşında yağılar diz çöküb titrər.
Şükür, sən tərəfə dolandı dövran,
Daha nə itirsə düşmən itirər.
Gözünü yummadın soyuq səngərdə,
Gecələr bizim də yuxumuz azdı.
Sən ey fateh oğul, sən ey sərkərdə,
Şəninə min dastan yazsam da azdı.
Haqq idi bayrağa içdiyin andın,
Əsrlik yolları qət etdin, əsgər.
Yeni tarix yazdın – zəfər qazandın,
Şuşa qalasını fəth etdin, əsgər.
Başın uca olsun, ay gözüm, canım,
Vüsala yetişdi könül sevdası.
Sayəndə güləcək Azərbaycanım,
Gəldi Qarabağın o xoş sədası.
6️⃣BU GÜN ŞEİRİ
✍Müəllif: Rahil Məmməd
Ey Şəhid anası, daha tutma yas,
Şükür, qiyamətə qalmadı qisas!
Zəfər müjdəsinə özün qulaq as,
Ordum yağılardan öc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Düşmən qapı-qapı düşüb sülənir,
Boynunda torbası yardım dilənir.
Başına göylərdən odlar ələnir,
Qısıb quyruğunu alçalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Dünyaya səs salan bir ordu qurdum,
Xilasa səslədi Qarabağ yurdum.
Zirvələr fəth edir müsəlləh ordum,
Xalqın vəhdətindən güc alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Bəsdir çəkdiyimiz qəm-qüssə, yetər,
Yeni tariximi yazmaqda əsgər.
Bu haqq savaşımız dillərdə əzbər,
Dostlar zəfərimə əl çalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Yırtıcı, qaniçən vəhşiylə tənin,
Sonu şər toxumu əkib-biçənin!
Növrağımı görən mənfur düşmənin
Gənci də həsəddən qocalır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
Səkkiz noyabrın bu şanlı günü,
Ali Baş Komandan verdi müjdəni:
“İti qovan kimi qovduq düşməni!”
Türk oğlu düşməndən bac alır bu gün,
Bayrağım Şuşada ucalır bu gün!
7️⃣BU GÜN ŞEİRİ
✍Müəllif: İmran Zərdablı
Hilallı ulduzlu şanlı bayrağın
Kölgəsi qovuşdu vətən daşına
Artıq ağlamağın səbəbi sevinc
Xoşbəxtlik qarışdı gözün yaşına
Tutub Fizulidən zəfər bayrağın
Muğamın ocağı Şuşaya qədər
Sancıb bəzəyərək vətən torpağın
Çaldıq haqq uğrunda şərəfli zəfər
Türkün ayaq izi dəyən torpağa
Qarışsa şəhidin qanı vətəndir
Üç rəngli bayrağın kölgəsi dəyən
Yurdun hər qarış hər yanı vətəndir
Vətən nə alınar, nə də satılmaz
Biz bizim olanı almışıq geri
Ordunun savaşı, haqqın zəfəri
Qələbən mübarək yurdun əsgəri
Qorxunu qorxutduq biz özümüzdən
Artıq qurd balası yurduna dönür
Bu yanda ədalət işığı yanır
O yanda nahaqqın ocağı sönür
Bitdi otuz ilin həsrət nəğməsi
Qələbə ordumun, zəfər xalqımın
Biz bir yumruq kimi ayrılmaz olduq
Bu haqq döyüşüdür şanlın ordumun.
Zəfər Gününə Aid Şeirlər
8️⃣ ZƏFƏR ŞEİRİ
✍Müəllif: Ramiz Kərəm
Qalx ayağa, qoca tarix,
Qalx ayağa, qarı düşmən.
Min illərin o başından
Bu dünyanın Türkü gəlir,
Əllərində qılınc-qalxan,
Dodağında türkü gəlir,
Ayağında dəmir çarıq,
Çiynində boz kürkü gəlir.
Qalx ayağa, haqsız dünya,
Gözün haqqı görsün bir də.
Bu zəfərin izi vardı
Sən gördüyün minillərdə.
Günbatandan gündoğana,
Tappır-tappır gedən atlar,
Gumbur-gumbur gərənaylar
Yadındamı, qoca tarix.
Tanıdınmı, qoca tarix
Sənin hər səhifənə
Qırmızı hərflərlə
Müjdələr yazan Türkü
Bayrağının eşqinə
Yağıya qan udduran
Səfləri pozan Türkü
Qovğalarda qalib olan
Dinclikdə ozan Türkü.
İndi də çox gözəldi
“Dam-daram-dam” ritminin
Möhtəşəm sədaları.
Kəlbəcər də, Laçın da
Ağdərə də, Şuşa da
Bizimdir nidaları.
Şəhidlər də, zəfər də
Bu sevinc də kədər də
Bizimkidir ana yurd
Biz kədərlə sevinci
Həmişə qoşa gördük
Əziz günümüzdə də
Verib baş-başa gördük
Sınmadıq əyilmədik
Çox şükür bu günü də
Gördük ey vətən yaşa gördük
9️⃣ HƏSRƏT ŞEIRLƏRI BITƏCƏK DAHA ŞEİRİ
✍Müəllif: Heydər Ələddinoğlu
Tarixim min illik soydan yazacaq,
Sevincli günlərdən,aydan yazacaq.
Şairlər nişandan,toydan yazacaq
Həsrət şeirləri bitəcək daha.
Tarlada sünbülüm,dənim olacaq,
Ordumuz düşmənə qənim olacaq,
Ağdamım,Laçınım mənim olacaq
Həsrət şeirləri bitəcək daha.
Atlar kişnəyəcək cıdır düzündə,
Dünya yuyunacaq eşq dənizində.
Günəş sevinəcək göyün üzündə
Həsrət şeirləri bitəcək daha.
Hikkəylə atılan daş dayanacaq,
Bahar önə keçib qış dayanacaq,
Xalqımın gözündə yaş dayanacaq
Həsrət şeirləri bitəcək daha.
Dağımda, dərəmdə sellər olacaq,
Yurduma üz tutan ellər olacaq.
Güllələr yerinə güllər olacaq
Həsrət şeirləri bitəcək daha.
Xalıtək bəzənir çölüm,çəmənim,
Daim səcdədədir ruhum,bədənim.
Gözün aydın olsun,doğma Vətənim
Həsrət şeirləri bitəcək daha!..
🔟 ZƏFƏR MÜJDƏSİ ŞEİRİ
✍Müəllif: Rafiq Yusifoğlu
Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi...
Axır ki, açıldı paslı kilidlər,
Bayraqlar yurdumu bəzəyir necə!
Xaraba şəhərlər, xaraba kəndlər
Viranə könlümə bənzəyir necə?!
Ağır sınaqların, möhnətin izi
Elə bilməyin ki, bizi sarsıtdı...
Qəlbimizdə olan vətən sevgisi
Bitib tükənməyən silah-sursatdı...
Yaşadıq ayrılıq məşəqqətiylə,
Bir köz kömür olub, bir közüm gülür.
Doğmalar öldülər yurd həsrətiylə,
Bir gözüm ağlayır, bir gözüm gülür...
Uşaqlar böyüyüb, qocalmışıq biz,
Anıb kövrəlirık o çağımızı...
Şükür, boş qalmayıb bizim yerimiz,
Yandıran olacaq ocağımızı...
Ötdü uzun illər, namərd sənələr,
Gəldi başımıza sonsuz bəlalar.
Köçdü bu dünyadan baba-nənələr,
Yurda sahib çıxın, əziz balalar...
Çox yola salmışıq tufanları biz,
Quruyan ümidlər tumurcuqlayır.
Görəndə qeyrətli cavanları biz,
Dolan gözümüzdə yaş muncuqlayır...
Ürək çan atırsa çata yurduna,
Yenə bu torpağa bahar gələcək!
Övlad sahib çıxsa ata yurduna,
Qərib məzarlarda ruhlar güləcək.
Yadlara qıymayın, özünüz dərin,
Cavanlar, köksümdə bitən həsrəti.
...O yurdu bir dəfə görməyənlərin,
Gözündən boylanır vətən həsrəti...
- Qəlbimiz titrəyən nanə yarpağı,
Həsrət quyusuna daş atmışıq biz.
Bir yol görməsək də doğma torpağı,
Onu qəlbimizdə yaşatmışıq biz...
Geriyə dönərmi yaydan çıxan ox?
Dönürük vətənə, qərar qətidi...
O torpaq tək bizə babaların yox,
Həm də şəhidlərin əmanətidi...
...Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,
Gəldi doğma yurda səfər müjdəsi.
Həsrətdən göynəyən viranə qəlbə,
Gözəl məlhəm imiş zəfər müjdəsi...
1️⃣1️⃣ZƏFƏR NOTLARI ŞEİRİ
✍Müəllif: Tural Turan
Nəbzi yumruğunda döyünən xalqın
Saatı Şuşaya işləyir indi.
Qalxın ey şəhidlər, yuxudan qalxın,
Atınız altımızda kişnəyir indi.
Yolların boynuna sarılır nallar,
Qaçır üstümüzə yalların tozu!
Gözlərdə parlayır aylı hilallar,
Bükülür özləmin, həsrətin dizi...
Döyür qapıları gözaydınlığı,
Əsgər çəkməsində ağ palçıq gülür.
Dua badələri deyir sağlığı,
Şuşada ağaran alaçıq gülür...
Açır qollarını şəhid anası,
Alın yazısını öpür zamanın.
Sökülür gözündən yüzillik yası,
Gülür yanaqları Azərbaycanın!
Qol açıb oynayır şəhid məzarı,
Bayrağın başına dolanır külək.
Bülbülü çağırır qayada Xarı:
Gəl yeni nəğmənlə şəklimizi çək!
Baxıram saata: sıfır bir on beş,
Artıq noyabrın onudur, indi.
(Düşmənin baxışı leş qoxuyur, leş...)
Bu zəfər, bu sevinc, ey türk, sənindir!
Sevinc göz yaşları - gecənin süsü,
Ulduzlar göylərdə yallı gedirlər.
Çal aşıq, bizimçün Zəfər türküsü,
Oynasın şeirimdə şanlı sətirlər...
...Ata, gözün aydın, gəldi türk çağı!
Şuşadan başlayır bu çağ, bu zaman!
Qara öprəyini açır başından,
Bu səhər dan yeri, dan alaçığı!..
Belini dikəldir Xudafərin də,
Zəngilan göz vurur Qafana sarı...
Araz da durulur lilli yerindən,
Gülür Təbrizin də boz buludları!
Qırx dörd gün zamana meydan oxuduq!
Altı həftə çəkdi yağı dirənci.
Biz şəhid qanıyla Zəfər toxuduq,
Hər ilməsi büllur, bədizi inci...
Söndürə bilmədi xalqın odunu,
Mərmi bulaqları, güllə yağışı!
İlk bəstəsini yazdıq, notunu yazdıq,
altun hərflərlə builki qışın.
Tanrı da dinləyir öz kürsüsündə
Bu Odlar Yurdunun zəfər notunu!
Açar sözlər: Zəfər günün mübarək Azərbaycan, Zəfər gününə aid şeirlər, Qələbə şeirləri, qələbə şeiri, qelebe seiri, qelebe seirleri, Qələbəyə aid şeirlər, zəfər bayramı haqqında şeirlər, zəfər gününə aid şeir, zəfər bayramına aid şeirlər, vətənpərvərlik şeirləri, Qarabağ Azərbaycandır, zefer gunune aid seir, zefer gunu seiri, zəfər gününə aid şeirlər, zefer gunune aid seirler, zefer gunune aid sheir, zefer gunu weir, 8 noyabr zəfər günü, zefer gunu haqqinda seir, zəfər günü haqqında şeir, zefer bayramina aid seirler, zefer bayrami haqqinda seirler, qelebe seiri, qələbəyə aid şeir, zefer gunun mubarek, zefer seiri,
Bənzər mövzular:
- Vətən Haqqında Aforizmlər
- Torpaq haqqında Aforizmlər, Torpağa Aid Sözlər