-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Mənalı Şeirlər 2024

bilgideryasi




şeirlər,menali seirler,Mənalı Şeirlər, mənalı şeir


 1)  HARA QAÇIRSAN, AY ADAM ŞEİRİ

Müəllif: Ramiz Rövşən


Hara qaçırsan, ay adam, 


Bir dayan, nəfəsini dər. 


Çiçəklərin ətrini dər, 


Küləklərin hirsini dər. 




Otur üstündə bir daşın, 


Bir az açılsın qırışın, 


Göydə uçub gedən quşun 


Yerdəki kölgəsini dər. 




Gör dünya nə deyir sənə, 


Verib yeri-göyü sənə, 


Əy başını öz sinənə, 


Ürəyinin səsini dər. 




...Sözüm ağlına batmasa, 


Dünya könlünə yatmasa, 


Əlin heç nəyə çatmasa, 


Bu dünyadan özünü dər... 


 

2)  QƏRIBƏ SEVINC ŞEİRİ

Müəllif:  Nüsrət Kəsəmənli


O gözlərdə nə qəribə sevinc var?!


O gözlərin şəfəqinə baxın bir,


Gilə-gilə yaşaracaq indicə,


Təbəssümlə sıxılacaq dodaqlar,


Gülə-gülə boşalacaq indicə...




Hələ neçə dalğa yatır dənizdə,


Asta-asta kirpiyini endirir,


Elə bil ki, günəş batır dənizdə,


Baldan şirin bir yuxudur, yox qəmi,


Bir ürəkdir, sevinc ilə vurur o.




Xəbəri yox


Çözələyib sap kimi


Saçlarını dişləriylə qırır o.




İndi hamı xoş görünür gözünə,


Nə hicran var,


Nə həsrət var, - qoruna!


Əlləriylə tor toxuyub üzünə,


Gülüşləri axıb gedib, elə bil,


Saçlar deyil,


Yosun düşüb toruna...




O gözlərdə nə qəribə sevinc var?!


Sınacaqdır buz sükutun aynası.


Yağış kimi səpiləcək bu saçlar


Səpiləcək,


küləklerlə oynasın.




Bircə anlıq dayandırsan bu yerdə,


Bircə kəlmə danışdırsan, nə deyər?


O dodaqda ən kədərli şeir də


Bir səadət nəğməsinə bənzəyər...




Çox kədərin son nəğməsi oxunub


Sevincə də ürək dözmür,


bu nə sirr?..


Bir xəbəri təbəssümlə toxuyub


Görən kimə çatdırmağa tələsır?




Yollar yatır ayağının altında,


Ela bilir evlər onun boyunca...


Fikri uçur göyün yeddi qatında


Səbəbini soruşmayın,


nə fərqi,


- Sevinirsə,


qoy sevinsin doyunca!




O gözlərdə nə qəribə sevinc var,


Gilə-gilə yaşaracaq indicə.


Təbəssümlə sıxılacaq dodaqlar


Gülə-gülə boşalacaq indicə...



3)  YAĞIŞ SƏHƏRƏCƏN YAĞSIN ŞƏHƏRƏ ŞEİRİ

Müəllif: Qismət Rüstəmov


Yağış səhərəcən yağsın şəhərə,

Hamının dərdini yusun aparsın.

Quşlar qonaq gəlsin mavi Xəzərə,

Balıqlar evinə yosun aparsın...


Ölüm qapımıza elə gəlsin ki,

Birini alanda, biri qayıtsın...

Uşaqların üzü elə gülsün ki,

Mərmilər utanıb geri qayıtsın.


Yağış səhərəcən yağsın şəhərə,

Titrəsin evlərin navalçaları....

Yağmur mələkləri enmişkən yerə,

Verək aparsınlar tapançaları...


Bir qızın eyvanda əlləri donsun,

Qız durub boylansın küçəyə bir də...

Çətirsiz bir oğlan islanıb dursun,

Qız gözü küçədə darıxan yerdə...


Oğlan o küçəyə çəkdikcə keşik,

Səkidə titrəyən kölgə islansın.

Asfaltdan su içən qonur bir pişik,

Çətirsiz oğlanla birgə islansın.


Bir gün hamımıza elə gəlsin ki,

Yağışlar yağırsa hər şey düzələr...

Sinoptiklər çıxıb xəbər versin ki,

Sabahdan adamlar sevinə bilər.


Yağış səhərəcən yağsın səhərə...


 

4) BƏNIM TANRIM ŞEİRİ

Müəllif:  Hüseyn Cavid


Hər qulun cihanda bir pənahı var, 


Hər əhli-halın bir qibləgahı var, 


Hər kəsin bir еşqi, bir ilahı var, 


Bənim tanrım gözəllikdir, sеvgidir.




Həzz еtmədim firqədən, cəmiyyətdən, 


Zеvq alamam hərbdən, siyasətdən,


Bir şеy duymam fəlsəfədən, hikmətdən, 


Bənim ruhum gözəllikdir, sеvgidir.




Gözəl sеvimlidir, cəllad olsa da; 


Sеvgi xoşdur, sonu fəryad olsa da; 


Uğrunda bənliyim bərbad olsa da, 


Son dildarım gözəllikdir, sеvgidir.




Gözəlsiz bir gülşən zindana bənzər, 


Sеvgisiz bir başda əqrəblər gəzər,


Nə görsəm, hanki bəzmə еtsəm güzər, 


Həp duyduğum gözəllikdir, sеvgidir.


5)  BOYASIZ MİSRALAR ŞEİRİ

Müəllif:  Sabir Rüstəmxanlı

 

Taxıl bir sapın üstə

dən tutub sünbül olur.

Ləçəklər bir-birinə

sarılaraq gül olur.

Əsintilər birləşib

rüzgar olur, yel olur.

Bulaqlar bir məcrada

qovuşanda sel olur.

Kəlmə kəlmə dalınca

düzüləndə dil olur.

Barmaqlar bir pəncədə

birləşəndə əl olur.

İnsanlar bir qədəri

paylaşanda el olur.

Millət şərə əyilsə

alışmadan kül olur.


6) SÖZ ŞEİRİ

Müəllif: Nəbi Xəzri


Əzəl başdan açarıdır sirlərin,


Öz gücünü ürəklərdən alar söz.


Ümid verər, sevinc verər, qəm verər,


Müşkül olan dərdə çarə qılar söz...




İlk həmdəmdir, ilk silahdır hər kəsə,


Əgər ki, o saf poladdan deyilsə.


Hər kəlməsi öz yerində deyilsə,


Qılınclardan daha kəskin olar söz.




Söz ucaldar bu cahanda insanı,


Əzizləyər bu cahan da insanı.


Vaxt olar ki, bircə anda insanı,


Əlli ilin hörmətindən salar söz.




Çalış, Nəbi, gecə-gündüz yarat sən,


Bəd sözləri öz sinəndən yar, at, sən.


İnci seçib, dürr toplayıb yaratsan,


Səndən eldə bir nişanə qalar söz.


7) RUH ŞEİRİ

Müəllif:  Musa Yaqub


Yüz il sonra, min il sonra

kimin səsi gələcək,

Kim batacaq gəmi kimi,

kim qalxacaq göylərə.

Kimin səsi yerli-dibli

birdəfəlik batacaq,

Kimin ruhu qarışacaq

kamanlara, neylərə.

Ac da olsa, tox da olsa

hamı duyar həyatı,

Ömürlüdü, ömürsüzdü,

ölüm Allah payıdı.

Ulu ruhlar ucalsa da

mələklərin yanına,

Zaman-zaman öz yurduna,

yuvasına qayıdır.

Qarşısını kəsə bilməz

nə cəhənnəm, nə cənnət,

Bədən hara gedir getsin

bu torpağın malıdır.

Səni bütün bəlalardan

sağ-salamat qurtaran,

İncə könül, incə ürək,

incə ruh olmalıdır.

Göz görməsə qəlbim sevər,

qəlbim duyar həyatı,

Mən ruhumla bu torpağın

ləzzətiyəm, dadıyam.

Haqqın ruhdan yuxarıda

mərtəbəsi yoxdu, yox,

Bədən məndən inciməsin,

mən ruhun övladıyam.


8)  HƏYAT BIR NAĞILDIR, ÖMÜR BIR NAĞIL ŞEİRİ

Müəllif:  Mahirə Nağıqızı


O ömür deyilən bumuşmu? -demə,


Özümə gəlmədim duyam bir mağıl...


Həyat da xəyaldır, –deyib söyləmə


Həyat bir nağıldır, ömür bir nağıl.




Nağıl otağıymış hər kəsin ömrü,


Baxana qapısı açıq tağbatağ.


Bircə otaq olur sirli-düyünlü,


O da qəlb yuvası – qırxıncı otaq.




O otaq arifə nəyi var deyər,


Nadana sınaqdır, sıxma-boğmadır.


Orda sevincin var, bir ömrə dəyər,


Dərd var ki, balantək sənə doğmadır.




Baxmaqnan bilinməz, gözlərini çək,


O bağlı qapıya baxmağın hədər.


Həyat gerçəkdimi, xəyalmı gerçək?


Bilməzsən qırxıncı otağa qədər.




Ömür xəyalıydı, bir gümanıydı,


Ölçüsü-biçisi anbaan oldu.


Dünənki xəyalın qəhrəmanıydı,


Bu günün gerçəyi Nəriman oldu.




Məni salamladı qığıltısıynan,


Nə qədər yaxınmış xəyalla gerçək.


Yorğun xəyallarım tər əhvalıynan,


Bir körpə izinə düşüb gedəcək.




O ömür deyilən bumuşmu?- demə,


Özümə gəlmədim duyam bir mağıl...


Həyat da xəyaldır, -deyib söyləmə,


Həyat bir nağıldır, ömür bir nağıl...


Daima

 


9) YOLÜSTÜ MƏNZIL ŞEİRİ

Müəllif:  Fikrət Qoca

Bu dünya bir qəfəsdi,

Burda bizi yaşadan

Məhəbbətdir, həvəsdi.


Bu dünya bir qəfəsdi,

Ruhumuz nurdu, səsdi,

Getmək, qalmaq sərbəsdi.


Bu dünya bir qəfəsdi.

Özü gələndə tərsdi,

Özü gedəndə tərsdi.


Fikrət bu qədər bəsdi.

Qəfəs yolüstü mənzil…

Gələn, gedən nəfəsdi.


 

  



 

 




 






>
To Top