-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Həyata aid mənalı şeirlər

Sponsor 2

Həyata aid mənalı şeirlər toplusu

Həyata aid mənalı şeirlər toplusu

“Həyatın mənası” şeiri

Deyin, yaşamağın mənası nədir,

Nəyinsə eşqiylə vurmursa ürək?

Mənimçün o ömür bir əfsanədir,

Hardasa, kiməsə olmursa gərək.


Çox da ömür sürür üç yüz il qarğa,

Bayquşun şərqisi kimə gərəkdir?

Qiymətli olsa da hər inci sırğa,

Başqa mənası yox, yalnız bəzəkdir.


Niyə yaşayırsan, söylə,nə üçün,

Sovurmaq üçünmü ömrünü bada?

Yaşayan öləcək onsuz da bir gün,

Əməli qalacaq yalnız dünyada.


Heç zaman can atma şöhrətə, ada.,

Sürünmə parlayan hər cür daş - qaşa!

Ömrün bu dünyada qısa olsa da,

Sən qısa ömrünü şərəflə yaşa!

Müəllif: Eldar Həsrət

“Dünya” şeiri

Lüt gəlib dünyaya lüt gedir insan

Fırladır hey bizi bu, dünya inan.


Nə var, nə dövlət, nə şan, nə şöhrət

Əzrail gələndə götürmür hörmət.


Bu gördüklərini Yaradan ki var

Başqa fəzalarda sənə yer tapar.


Nizam-intizamla çalışıb yaşa

Necə ki başlayır bitir tamaşa.

Müəllif: Sahib Hüseyn


“Həyat sevgisi” şeiri

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?


Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?


Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?


Təbiət varlıdır, təbiət xəsis,

İşlədərkən onu, sən ey mühəndis,

Mən də qart daşlara verdiyim bu hiss,

Bu incə mənadan necə əl çəkim?


Bir yanda tərlanlar, dumanlı dağlar,

Bir yanda kəkliklər, ayna bulaqlar,

Bir yanda bülbüllər, çiçəkli bağlar,

Mən bu tamaşadan necə əl çəkim?


Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?


Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?


Ulduzlar fikrimin çırağbanıdır,

Bulud xəyalımın karıvanıdır,

Səma ki, hissimin aşiyanıdır,

Böylə bir səmadan necə əl çəkim?


Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?


Xəzan acısına edib təhəmmül,

Gülün kölgəsində ötəndə bülbül,

– Həyat, həyat!- deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim?


Sən aldın aşını yeni hisslərdən,

Ey cavan qələmim, düşmə bəhərdən,

A dostlar, söyləyin, mən bu hünərdən,

Bu təbi valadan necə əl çəkim?

Müəllif: Mikayıl Müşviq 


“Xatirədir” şeiri

“Xatirədir” şeiri

Niyə yanır bu ocaq,

Yanıb, külü qalacaq.

Bilmirəm nə olacaq,

Olanı xatirədir…


Qar yağır narın-narın,

Üzü gülür dağların.

Bu yaşıl yarpaqların

Solanı xatirədir…


Ay çəmənin çiçəyi,

Niyə soldu ləçəyin?

Bu dünyanın gerçəyi,

Yalanı xatirədir…


Niyə çıxdıq yola biz,

Coşub-daşır bu dəniz.

Bir adadır sevgimiz,

Hər yanı xatirədir…


Xəyaldı, yoxsa yalan,

Gəlib keçdi nə zaman?

Sevginin ömrü bir an,

Qalanı xatirədir…

Müəllif: Baba Vəziroğlu 

“Mənim Ömrüm” şeiri

Ömür tənhalıqda bada gedərdi,

Əgər olmasaydı gözəl insanlar.

Mənimdir onların sevinci, dərdi,

Mənə özüm kimi əzizdir onlar.


Bəzən rastlaşıram özümlə özüm,

Düşəndə bir yerə güzarım mənim.

Yüz gördü, min gördü, çox gördü gözüm

Bir deyil, on deyil məzarım mənim.


Torpağın altında çox darıxıram,

Torpağın üstündə nə qədər şənəm.

Gah sağa göz qoyub, sola baxıram,

Hər yerdə mən varam, hər yerdə mənəm.


Deyib: “Nə tez öldü, nə nakam öldü” –

Bəzən gül qoyuram məzarım üstə,

Deyirəm: az güldü, çox azca güldü,

Qoy gülüm, qalmasın arzusu gözdə.


Baxsan bu dünyanın ha tərəfinə,

Bir yerdə qəbrim var, on yerdə sağam.

Göy uçsa, yer qopsa ölmərərn yenə,

Hələ neçə dəfə doğulacağam.

Müəllif: Əli Kərim


“Bu dünyanın hər üzünü görmüşəm” şeiri

Mənim yaşım uşaq yaşı deyil ki,

Hər ağacın meyvəsini dərmişəm.

Allah mənə nə veribsə əzəldən,

Mən də onu bu dünyaya vermişəm.


Baxmamışam şeytanların sözünə,

Düz baxmışam həqiqətin gözünə.

Ömrüm boyu sevənlərin üzünə,

Ürəyimi süfrə kimi sərmişəm.


Bu yollarda kim ayılan, kim yatan,

Arzulara kim çatmayan, kim çatan.

Nə ölənəm, nə itənəm, nə batan,

Qızıl sözdən qızıl divar hörmüşəm.


Çox sonalar uçurmuşam gölümdən,

Alov çıxır içərimdən, çölümdən.

Qorxum yoxdu ayrılıqdan, ölümdən,

Bu dünyanın hər üzünü görmüşəm.

Müəllif: Zəlimxan Yaqub

“Sağlığında qiymət verin insanlara” şeiri


Bir arzum var, ay adamlar, qoyun deyim,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağlığında yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara.

Yalnız, yalnız sağ olanda,

Hər kəs əsil qiymətini bilər onda,

Bu sözlərim düz olmasa töhmət edin.

Sizdən rica eləyirəm milyon kərə,

Şairlərə sağlığında hörmət edin,

Sağlığında heykəl qoyun ölməzlərə…

Gələcəyə çox da ümid bağlamayın,

Sözünüzü sonralara saxlamayın.

Zəhləm gedir sonralardan,

Vaxtsız dinən zurnalardan,

Boşboğazdan, avaradan,

Toydan sonra nağaradan.

Sağlığında sevindirin təmizləri,

Siz həyatda bu amalla addımlayın.

Sağlığında ifşa edin xəbisləri,

Satqınlara sağlığında satqın deyin,

Tülkü deyin tülkülərə, aslan deyin aslanlara.

Sağlığında qiymət verin insanlara…

Hər kəs bilsin öz yerini necə sağdır,

Bu, pislərin həyatını qısaltmaqdır,

Yaxşıların həyatını uzatmaqdır…

Bu nədəndir ölən kimi,

qəlbimizdə Adamlara sevgi, hörmət aşıb-daşır.

Ölən kimi yaxşılar da yaxşılaşır,

Yamanlar da yaxşılaşır…

Çirkinlər də təmiz olur ölən kimi…

Yadlar belə əziz olur ölən kimi…

Xatirələr söyləyirik, nekroloqlar qollayırıq,

Hamısını ucdantutma yaxşı deyib o dünyaya yollayırıq.

Bu gecikmiş xeyir-dua kimə gərək?

Bundan məzar böyüyəcək, ya ölənmi diriləcək?

Xoşum gəlmir bu köhnəlmiş adətlərdən, xoşum gəlmir…

Bu sərdaba sevgilərdən, hörmətlərdən xoşum gəlmir.

İstəmirəm vaxt-vədəsiz şöhrəti mən,

Bir an ömrü milyon qızıl ölüm gələ, dəyişmərəm…

Diri üçün iynə boyda hörməti mən

Ölü üçün min heykələ dəyişmərəm…

Düz deməsəm, onda məni bağışlayın,

Üz tutaram uşaqlara, qocalara, cavanlara,

Sağlığında qiymət verin insanlara,

Yaxşılara sağ olanda yaxşı deyin,

Sağlığında yaman deyin yamanlara…

Müəllif: Cabir Novruz


“Ömür” şeiri

Deyirlər, çox azdır yüz il, əlli il,

İnsana bir ömür kifayət deyil.

Hələ isitməmiş öz yerimizi

Ölüm cəllad olub haqlayır bizi.


Deyirlər, şirindir dadı dünyanın,

Kaş iki olaydı ömrü insanın.

Nola, çalışsaydıq ömrün birində,

Sonra əylənəydik biz digərində.


Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?


Yüz-yüz ömür belə azdır doğrusu

Bir ömrü insana az sayanlara

Haramdır bu hava, haramdır bu su

Əylənmək eşqilə yaşayanlara.


Yaşamaq, yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmasa, yaşamır demək

Onun da həyatı yanmağındadır.


Ömrü az olsa da, qartal yenmədi

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar.


«Bu dünya beş gündür»,- deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var.

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

Müəllif: Bəxtiyar Vahabzadə.  


Bənzər mövzular:

Axtarış sözləri: həyat haqqında şeirlər,həyata aid mənalı şeirlər,həyata aid şeirlər,heyata aid seirler menali,heyata aid menali seirler,həyat şeirləri,həyat şeiri,həyata dair şeirlər,heyat haqqinda seirler

>
To Top