Mənalı Gözəl Sevgi şeirləri

Bir-birindən gözəl və mənalı sevgi şeirlərini sizlər üçün bir araya topladıq.

Mənalı Gözəl Sevgi şeirlər sevgiye aid seirler
Mənalı Gözəl Sevgi şeirləri


“Sən və Mən” şeiri

Qaranlıq saçan şam işığında,
Soyuqdan gizlənən ruhum.
Bir qığılcıma həsrət olanda,
Çıxa gəldin sən.

Fırtınalarda pərişan,
Könlüm bir liman axtaranda,
Məni çılğın dalğalardan,
Çəkib aldın sən…

Həyata yenidən göz açmış,
Sonsuz yuxudan oyanmış,
Sovrulaq qoşa yarpaq kimi,
Dünyanın bilinməyən ucuna…

Bir günəşimiz olsun,
Həyatımıza dolsun,
Bir bəstəmiz olsun,
Sevgi hekayəsindən danışaq…

Sən və mən birlikdə,
Yelkən açaq üfiqlərə,
Qoy qısqansın bizi,
Səmada mələklər belə…

Sən və mən birlikdə,
Yelkən açaq ümidlərə,
Qoy qısqansın bizi,
Səmada ulduzlar belə…

Müəllif: Anar Bəylər


“Səninlə görüşən gün” şeiri

Bir qərib sərçə olub,
Pəncərənə qonaydım.
Gözlərinə baxınca,
Yerimdəcə donaydım.
Əlindən tutmaq üçün,
Alışaydım,yanaydım,
Səninlə görüşən gün.

Deyəydim ki,gəlmişəm,
Ay başımın bəlası.
Qoy silinsin üzündən,
Təkəbbürü,ədası.
Yayılsın yer üzünə,
Bu vüsalın sədası
Səninlə görüşən gün.

Yüyürüb sahil boyu,
Dənizə daş ataydıq.
Nisgilli qəlbimizə,
Sevinc,nəşə qataydıq.
Xoşbəxtlikdən məst olub,
Səmalara çataydıq
Səninlə görüşən gün.

Yoldan keçən hər kəsə,
Sevgidən danışaydıq.
Həyəcandan əllərim,
Əlinə yapışaydı.
Nəfəsim üz-gözünə,
Dəyəydi,qarışaydı
Səninlə görüşən gün.

Bu sevgi nağılımız,
Heç bitməsin,görəydim.
Göydəki ulduzlartək,
Yox olaydım,sönəydim.
Ayrılıq saatında,
Yanındaca öləydim
Səninlə görüşən gün.
Səninlə görüşən gün...

Müəllif: Fərqanə Yusifqızını


“Gəl deyib-gülək” şeiri

Eyni bir zamanda vurur nəbzimiz
Eyni bir ürəkdə gəzir sevgimiz,
Eyni bir səmanı paylaşırıq biz
Niyə qəmgin olaq,niyə kövrələk?
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!

Danışaq,yazışaq səhərə qədər
Sevən var bir-birin bizim tək məgər?
Yazılsın bu eşqə bir roman,əsər
Hər kəs sevgimizdən danışsın gərək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!

Bülbül necə həsrət gülə, çəmənə
Mən sənə həsrətəm sən həsrət mənə,
Sübh çağı bir öpüş göndərdim sənə
Səni oyadacaq bir xəfif külək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!

Şəhərdən-şəhərə əl-ələ tutaq
Qəlbimiz yaxındı cismimiz uzaq,
Bu gecə yuxuma yenə gəl qonaq
Hələ röyalarda gərək görüşək,
Sən Xoşbəxt Mən Xoşbəxt,gəl deyib-gülək!

Müəllif: Eltun Zahidoğlu


“Məqam şeiri” şeiri

Bircə əsən meh olaydım,
Toxunaydım, yanağına.
Ya da, Kürün suyu olub,
Üz qoyaydım, ayağına.

Deyirəm ki, nə xoşbəxtdir,
Sizin evin daş-divarı,
Səhər, axşam seyr eləyir,
Sənin kimi xoş gülzarı.

Hətta Günəşin özü də
Xoşbəxt saya bilər özün...
Necə olsa gündə bir yol
Görür əsil Nurun özün.

Buludların ağlamağı
Boşa deyil, səbəbi var.
Təmas etmir, gül hüsnünə
Axı sənin çətirin var...

Müəllif: Zaur Ustac 


“Sən elə bir vaxtda rast gəldin mənə” şeiri

Sən elə bir vaxtda rast gəldin mənə,
Qurumuş bulağam, bulanmış suyam...
Sən elə bir vaxtda rast gəldin mənə,
Oxunmuş nəğməyəm, çalınmış toyam.

Nə gücüm çatdı ki, səndən yapışım,
Nə gücüm çatdı ki, səndən qaçam mən...
Nə odum oldu ki, yanam, alışam,
Nə sehrim oldu ki, cavanlaşam mən...

Sən elə bir vaxtda rast gəldin mənə
Ömrün payız vaxtı, xəzəl çağıydı...
Sən elə bir vaxtda rast gəldin mənə,
Sənin gəncliyinin gözəl çağıydı...

Nə deyə bildim ki, tutmaz sevdamız,
Nə deyə bildim ki, tutar bizimki...
Bizimdir səmada axan o ulduz,
O uzaqda itən qatar bizimdi...

Sən elə bir vaxtda rast gəldin mənə,
Dayanıb durmuşdum yol ayrıcında...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bir üzüm cavandı, bir üzüm qoca...

Nə deyə bildim ki, sevən çağımdı,
Nə dedim sevirəm, mənə dayaq ol...
Nə deyə bildim ki, mənə yaxın dur,
Nə deyə bildim ki, məndən uzaq ol...

Sən elə bir vaxtda rast gəldin mənə,
Ömrün eşq badəsi içilmiş idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Mənzilimin çoxu keçilmiş idi...

Nə deyə bildim ki, ürəksən mənə,
Nə deyə bildim ki, ürək deyilsən...
Nə deyə bildim ki, gərəksən mənə,
Nə deyə bildim ki, gərək deyilsən...

Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə fəsildi, necə vaxt idi...
Sən elə bir vaxtda rast gəldin mənə,
Bu necə taleydi, necə bəxt idi...

Nə deyə bildim ki, pənahsızam mən,
Nə deyə bildim ki, pənah məndədir...
Nə deyə bildim ki, günahsızam mən,
Nə deyə bildim ki, günah məndədir...

Sən elə bir vaxtda rast gəldin mənə,
Özüm öz halıma gülmək istədim..
Sən elə bir vaxtda rast gəldin mənə,
Təzədən dünyaya gəlmək istədim...

Müəllif: Cabir Novruz 

  

“Mənə bu şəhəri sevdirən qadın” şeiri

Yenicə gəlmişəm mən bu şəhərə,
Burda nə tanışım var, nə də bir kəsim.
İşıqlar nur saçır boş küçələrə,
İndidən gəzməyə gəlir həvəsim.

İnsanlar, divarlar, köhnə binalar,
Elə bil hamısı tanışdır mənə.
Burda olmamışam, yox yalan olar,
Bura sən olduğunçün doğmadır mənə.

Səhəri bir gözəl, axşamı da bir,
Gəzdikcə doymursan heyranlığına.
Havası insana gözəllik verir,
Peşman olmayırsan yaşadığına.

Hər səhər dənizin dalğalarına,
Günəş bəzək vurur, naxışlar çəkir.
Mavi sularını qayalarına,
Külək zərblə çırpıb, sahilə səpir.

Mən isə uçuşan qağayılara,
Yem verir, həvəslə əzizləyirəm.
Daş atıb dənizin balıqlarına,
Körpətək sevinib, gülümsəyirəm.

Gecələr ulduzlar mavi səmaya,
Sırayla düzülüb, parıldayarlar.
Hər dəfə baxdıqca möhtəşəm aya,
Səni xatırladar, yadıma salar.

Bəzən peşman olub, heyfslənirəm,
Kaş burda doğulub, yaşa dolardım.
Sən mənim olardın, dəqiq bilirəm,
Səninlə gözəl bir həyat qurardım.

Bilmirəm, bəlkə də xoşbəxt olarıq,
Yaxud da, sən onun, mən başqasının.
Şəhərin adını belə qoyarıq,
“Mənə bu şəhəri sevdirən qadın”.

Bir gün bu şəhərdən çıxıb getsən də,
Mən heç vaxt buranı tərk etməyəcəm.
Ömürlük sakinəm mən bu şəhərdə,
Gəldimsə, geriyə dönməyəcəyəm..

Müəllif: Nicat Babaşov 

“Ən Gözəl Sevgi Sən İdin” şeiri

Nə qədər sən vardın başqaydı həyat
Hər şeyin ləzzəti, dadı var idi. 
Səni düşünürdüm hər an, hər saat,
Həsrətin sadəcə, adı var idi. 

Bu ayrılıq hissi məni qorxudur
Könlümün, ruhumun ilki sən idin
Sevgi hər kəs üçün fərqli duyğudur
Mənimçün ən gözəl sevgi sən idin. 

O günlər, o aylar dəyər hər şeyə
Təmiz hisslərimlə sevmişdim səni
And verə bilmirəm səni heç nəyə
Elə bu sevgimə bağışla məni

Gücüm də yox səni gəzməyim üçün
Candərdi döyünür pərişan ürək
İndi yoxluğuna dözməyim üçün,
Elə sən olasan yanımda gərək. 

Müəllif: Elmir Bəşirli 

“Sən Günəşsən” şeiri

Mən qar adamıyam, sənsə Günəşsən... 
Tut ki əllərimdən yeriyim gedim... 
Başıma sığal çək, saçımı oxşa, 
Ovcunun içində əriyim gedim...

Bir ovuc su olum hərarətindən, 
Sonra buxarlanım göyə yüksəlim... 
Yerdə səndən uzaq yaşamaq olmur, 
Mən də birdəfəlik yanına gəlim.

Ya da bulud olum, bəmbəyaz bulud, 
Başına dolanım hər an, hər saat.
Gündüzlər əl-ələ gəzək səninlə, 
Gecələr başını çiynimə qoy yat...
Müəllif: Sənani 

 Sevgiyə aid gözəl şeirlər


 

Oxşar mövzular:

Mənalı Gözəl Sevgi şeirləri

Axtarış sözləri: sevgi seirleri gozel, gözəl sevgi şeirləri,qəmli sevgi şeirləri gozel sevgi seirleri ,sevgiyə aid şeir  şeirlər sevgi, sevgi haqda seir sevgiyə aid şeirlər sevgi seyirleri , sevgiye aid seir şeir sevgi, sevgi weyirleri sevgi seiri  romantik sevgi şeirləri mənalı,

#buttons=(Accept !) #days=(20)

Our website uses cookies to enhance your experience. Learn More
Accept !
To Top