1️⃣ BAYRAQ ŞEİRİ
✍Müəllif: Bəxtiyar Vahabzadə
Torpağım üstünə kölgələr salan
Mənim varlığımın cilası-bayraq.
Zəfərdən doğulmuş
Göytürkdən qalan
Qurdbaşlı bayrağın balası bayraq.
Üçrəngli bayrağın kölgəsində mən
Qaraca torpağı vətən görmüşəm.
Zəfər güllərini dövri-qədimdən
Bayraq işığında bitən görmüşəm.
Bayraq mənliyimdir, bayraq kimliyim,
Bayraq-öz yurduma öz hakimliyim.
Harda əcdadımın ayaq izi var,
Bu zəfər bayrağım orda dikəlsin.
Keçdiyi yerlərdə dağlar, yamaclar
Onun hüzuruna salama gəlsin.
Tarixdən qədimdir, zamandan qoca
Mənim bayrağıma sancılan hilal.
Aləmə nur saçdı tarix boyunca
Məbədlər başına tac olan hilal.
Daim ucalasan! Savaş günündə
Əsgər silahıyla səni tən görüm.
Yalnız zəfər çalmış şəhid önündə
Səni alqış üçün əyilən görüm.
2️⃣ Himnimiz-bayrağımız şeiri
✍Müəllif: Şirinxanım Kərimbəyli.
Himnimiz – Bayrağımız,
Vətənin ürəyidir.
Sabaha növrağımız,
Millətin dirəyidir.
Hər ölkəyə qonaqdır,
Qorumasaq qınaqdır!…
Ömrümüzə sınaqdır,
Ölkənin gərəyidir.
Hər ikisi müqəddəs,
Bunu bilməli hər kəs,
Biz kimik onlarsız bəs?…
Bu dünyanın rəyidir.
3️⃣
Müəllif: Qurban Təbiətoğlu
Bir kərə yüksəlib, bir daha enməz,
Mavi səmalarda süzən bayrağım!
Türklüyü, islamı, müasirliyi,
Məğrur sinəsinə düzən bayrağım
Boyanıb üç rəngə şərəf, şanıyla
Ay-ulduz sipərdi ona canıyla.
İgid oğulların şəhid qanıyla,
Azadlıq dastanı yazan bayrağım!
Xeyir əvvəl-axır güc gəlir şərə,
Dağın qəzəbindən məhv olar dərə.
Fırtına qopsada sərilməz yerə,
Neçə tufanlara dözən bayrağım!
Tezliklə geyinib qələbə donun,
Gətirər hicranın, həsrətin sonun.
O taylı, bu taylı əlli milyonun,
Döyünən qəlbində gəzən bayrağım!
Bu səbir xalqımın bəsidir, bəsi,
Susduraq Vətənə göz dikən kəsi!
Gəlsin Qarabağdan Himnimin səsi,
Zəfər nəğməsilə bəzən, bayrağım!
4️⃣ AL BAYRAĞA
✍Müəllif: Əhməd Cavad
Gül rəngində bir yaprağın
Ortasında bir hilal!
Ey Al Bayraq, sənin rəngin
Söylə, neyçün böylə al!?
Hakim olub bir toprağa,
Ona etmək böylə naz?
Səndən başqa bir gözələ
Söylə, neyçün yaraşmaz?
Bu bənzəyiş nədən gözüm,
Şəhidlərin qanına?!
Uğurunda can verənlər
Neyçün qıyar canına?!
Yol üstündə dərdli nənə
Görür səni ağlamaz?!
Sən öylə bir şeirsən ki,
Sevməyənlər anlamaz!
Ey sevgili bayrağımın
O dalğalı duruşu!
Sandım salam rəsmi sana
Buludların yürüşü!
Sən ey hilal, al qoynuna,
Aldın göydən yıldızı!
Məftun etdin sən kəndinə,
Ən sevdalı bir qızı!..
5️⃣ BAYRAQ ŞEİRİ
✍Müəllif: Adilə Nəzər
Bayraqları bayraq edən üstündəki qandır
Torpaq-Uğrunda ölən varsa Vətəndir!
Gətirin,Gətirin mənim müqəddəs bayrağımı
Gətirin rənglərini şəhidlərimin qanından,canından alan bayrağımı
Gətirin mənim Azadlığımı
Gətirin mənim Müstəqilliyimi
Bayraq bizim üçün Namus deməkdir
Bayraq bizim üçün Şərəf deməkdir
Bayraq bizim üçün Mənlik deməkdir
Dalğalandığın yerdə nə qorxu nə kədər
Nə olar Kölgəndə mənə də yer ver.
Sabah olmasın,Günəş doğmasın nə olacaq ki
Üçrəngli bayrağımın Nur işığı yetər
Ey mavi göylərin al mavi yaşıl süsü
Bacımın gəlinliyi şəhidimin son örtüsü
İşıl-İşıl dalğa-dalğa bayrağım
Sənin dastanını oxudum sənin dastanını yazacağım
Səni salamlamadan uçan quşun yuvasını dağıdacağıım
Sənə mənim gözümlə baxmayanın məzarını qazacağım
Savaş bizi qarlı dağlara götürdüyü gün
Qızılında isindik
Dağlardan çöllərə düşdüyümüz gün
Kölgənə sığındıq
Ey şimdi süzgün rüzgarlarda dalğalı
Barışın göyərçini,müharibə qartalı
Yüksək yerlərdə açan çiçəyim
Tarixim,şərəfim,şeirim,hər şeyim
Sənin altında doğuldum, sənin altında öləcəyim
Yer üzündə yer bəyən
Hara dikilmək istəyirsən söylə,söylə səni ora dikəyim
Buraxınız, seyr edəyim
Düşünəyim oxşayayım
Bu sevimli üç boyalı üç mənalı bayrağı
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu aman Allah?Od yurdumun qartalı
Göy yarpaqlı al çiçəkli yaşıl otlar topasımı?
Xeyir,xeyir çiçək solur,otlar yerdə tapdanır
Fəqət bizim bayrağımız ucaları çox sevir
Ulduzlardan,hilaldan da yüksəklərdə fırlanır
Kölgəsində ay əyilib bir gözəli qucmada
Qucaşaraq sevdiyilə yüksəklərə uçmada
Bu görünüş bir ananın şəfqətini oxşuyur
Düşündükcə zövqlərimi,vicdanımı oxşuyur
Bu ay,ulduz boyaların qurultayı nə demək?
Bizcə belə söyləmək
Bu göy boya Göy Moğoldan qalmış bir türk nişanı
Bir türk oğlu olmalı
Yaşıl boya İslamlığın sarsılmayan imanı
Ürəklərə dolmalı
Bu al boya azadlığın,təcəddüdün fərmanı
Mədəniyyət bulmalı
Səkkiz uclu bu ulduz da səkkiz hərfli Od Yurdu
Əsarətin gecəsindən fürsət bulmuş quş kimi
Səhərlərə uçmuşdur
Bu hilal da türk bilgisi, düzgün sevgi nişanı
Yurdumuzu qucmuşdur
Allah, əməlləri edib bu bayrağı intiqal
Birər-birər doğru olmuş bir ad almış İSTİQLAL!
Ürəyimdə bir dilək var
Ürəyimdə bir dilək var o da doğru kəsilsin
O gün olsun bir göy bayraq Turan üstə açılsın
Laçın üstə açılsın Şuşa üstə açılsın
Qarabağda açılsın
6️⃣AZƏRBAYCAN BAYRAĞI ŞEİRİ
✍ Müəllif: Ramiz Qusarçaylı
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu,ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey İstiqlalımın əbədiyyət sancağı, –
Azərbaycan bayrağı!
Yağının min hiyləsi küydən, kələkdən keçər,
Sən sancılan ucalıq min-min ürəkdən keçər,
Dağlar yerindən oynar, daşlar ələkdən keçər,
Göylərin nur yağmuru, yerlərin göy qurşağı,-
Azərbaycan bayrağı!
Sən Arazın, Samurun umuduna bələndin,
Çəni ağlar Göyçənin buluduna bələndin,
Dərbəndin dərd hıçqıran sükutuna bələndin
O tayımda Savalan, bu tayımda Şah dağı,
Azərbaycan bayrağı!
Cəngidə cövlan yerim, cövlanda can yerimsən,
Barışda gül çələngim, savaşda qan yerimsən,
Sən mənim and yerimsən, mənim iman yerimsən,
Dalğalı ləngərlərin yelpiklənən yarpağı,-
Azərbaycan bayrağı!
Sənsən Azadlıq eşqim, sənsən Hürr,- deyəcəyəm,
Ən son nəfəsimdə də sənə şeir deyəcəyəm,
Şuşada sən qonduğun daşa pir deyəcəyəm,
Çəkəcəyəm gözümə kölgən düşən torpağı
Azərbaycan bayrağı!
7️⃣ BAYRAQ ŞEİRİ
✍Müəllif: Elvin Elxanoğlu
Dalğalan üçrəngli bayraq,
Zəngilanda,Fizulidə,
Xankəndi, Şuşa, Laçında,
Qubadlıda, Kəlbəcərdə.
Dalğalan üçrəngli bayraq,
Qədim Şuşa qalasında,
Cəbrayıl, Xocavənd, Ağdam,
Ağdərənin səmasında.
Dalğalan üçrəngli bayraq,
Qarabağın hər yerində,
Səni şəhidlər, qazilər,
Daşıyıblar sinəsində.
Dalğalan üçrəngli bayraq,
Qəhrəmanlar ölkəsində,
Sən dalğalan, qoy şəhidlər,
Rahat yatsın kölgəsində.
Dalğalan üçrəngli bayraq,
Zəfərlər yaraşır sənə.
Sən dostlara güvən verib,
Qorxu saçırsan düşmənə.
Şöhrətin dillər əzbəri,
Diyar-diyar dolaşırsan.
Üçrəngli, şanlı bayrağım,
Zirvələrə yaraşırsan.
8️⃣ BU GÜN ŞEİRİ
✍Müəllif: İmran Zərdablı
Hilallı ulduzlu şanlı bayrağın
Kölgəsi qovuşdu vətən daşına
Artıq ağlamağın səbəbi sevinc
Xoşbəxtlik qarışdı gözün yaşına
Tutub Fizulidən zəfər bayrağın
Muğamın ocağı Şuşaya qədər
Sancıb bəzəyərək vətən torpağın
Çaldıq haqq uğrunda şərəfli zəfər
Türkün ayaq izi dəyən torpağa
Qarışsa şəhidin qanı vətəndir
Üç rəngli bayrağın kölgəsi dəyən
Yurdun hər qarış hər yanı vətəndir
Vətən nə alınar, nə də satılmaz
Biz bizim olanı almışıq geri
Ordunun savaşı, haqqın zəfəri
Qələbən mübarək yurdun əsgəri
9️⃣ AZƏRBAYCAN BAYRAĞINA
✍Müəllif: Ulucay Akif
Asın, eyvanlardan bir bayraq asın,
Bu gün “Azərbaycan!” deyin ürəkdən.
Şanlı bayrağımız hey dalğalansın,
O da qüvvə alsın əsən küləkdən.
Asın, eyvanlardan bir bayraq asın,
Hər zülmət gecənin bir səhəri var.
Duysun bütün dünya, hər kəs oyansın,
Bizim şəhidlərin Nur şəhəri var.
Danış övladına, danış, ay adam,
Qoyma bu tarixlər silinə yaddan.
Xocalı! Kəlbəcər! Füzuli! Ağdam!
Bilsin, bu millətin Qarabağı var!
Bilsin ki, bu millət ilin hər ayı
Vətəni uğrunda candan keçibdi.
Yanvarı, fevralı, baharı, yayı
Silahdan, savaşdan qandan keçibdi.
Hər bir insanımız bunu anlasın:
Savaşmaq lazımdır gözəl günlərçün.
Asın, eyvanlardan bir bayraq asın,
Şəhidlər təşəkkür etməz güllərçün.