Ölkəmin – Cəfər Cabbarlı
Şiş ucları buludlarla döyüşən,
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən,
Tarlaları, düzləri var ölkəmin.
Verimli torpağı, geniş çölləri,
Çalışqan ərləri, igid elləri,
Böyük gəmiləri, dəmir yolları,
Keçidləri, rizləri var ölkəmin.
Göllərində ördəkləri üzərlər,
Çöllərində maralları gəzərlər,
Güllərindən gələnlər tac düzərlər,
Ceyran gözlü qızları var ölkəmin.
Coşğun Xəzər oynar ayaqlarında,
İşıq saçan nəfti torpaqlarında,
Tarixlərin qızıl yarpaqlarında
Dadlı-dadlı sözləri var ölkəmin.
Azərbaycan torpağı – Qabil
Harda ümman görürəm,
Sən yadıma düşürsən,
Mənim mavi Xəzərim!
Harda liman görürəm,
Sən yadıma düşürsən,
Mənim doğma şəhərim!
Harda sahil görürəm-
Qumlu-qayalı sahil,
Buzovnadır,- deyirəm,-
Bura başqa yer deyil.
Bir qəşəng göl görürəm,
Sanmıram ögey gölü.
Çünki xatırladır o
Mənə bizim Göy Gölü!
Qarşıma dağ çıxırsa
Başı qarlı, dumanlı,
Ətəkləri yamyaşıl
Döşü qalın ormanlı-
Şah dağı tək, Kəpəz tək,
Əziz bilirəm onu.
Mən Talış dağlarıyla
Əkiz bilirəm onu!
Torpaqları çörəkli,
Bağları barlı edən,
Kəndləri, şəhərləri
Axar-baxarlı edən
Bir çayın sahilindən
Yolum düşürsə haçan,
Deyirəm ki, o, Kürdür,
Axıb gedir yanımdan.
Nə dildə qanad açsa
Şirin bir nəğmə əgər;
Onunla şadlanarsa,
Qəmlənərsə ürəklər,
Oxşayarsa insanın
Xəyalını, ruhunu,
Azərbaycan nəğməsi
Zənn edirəm mən onu
Azərbaycan torpağı,
Öpüm, öpüm səni, gəl!
Axı səndə görmüşəm
Hər şeyi əvvəl-əvvəl.
Axı səndə bilmişəm
Nə var, nə yox dünyada,
Axı səndə görmüşəm
Hər şeyin qəşəngini-
Bağçaların barını,
Çayların axarını,
Üfüqlərin rəngini,
Dostluğu, sədaqəti,
Sevgini, məhəbbəti.
Səndən ayırsa belə
Dənizlər, dağlar məni,
Nə xoş gəlsə gözümə,
Qoynuna bağlar məni.
Dünya mənə xoş gəlir
Həyatın hər bir çağı.
Sən bir dünyasan demək,
Azərbaycan torpağı!
Azərbaycan – Nəriman Həsənzadə
Sən əbədi bir ocaqsan, Azərbaycan!
Yaşadıqca yanacaqsan, Azərbaycan!
Beşiyin bir ana qoynu,
Doğma, isti bir qucaqsan, Azərbaycan!
Ruhum mənim, laylam mənim, Azərbaycan!
Bu dünyada dünyam mənim, Azərbaycan!
Bu dağ mənim, o dağ mənim vətənimdi,
Tüstülənən ocaq mənim vətənimdi.
Sərhəd-sərhəd bölübdülər,
Bölünməyən torpaq mənim vətənimdi.
Sən mənimsən, mən də sənin, Azərbaycan!
Övladıyıq bir vətənin, Azərbaycan!
Zaman! Səs ver, bu günlərin harayına,
Xan Arazın, Ana Kürün harayına.
Biz çatmasaq, kim çatacaq
Qaçqınların, köçkünlərin harayına?!
Sən arxasan, sən dayaqsan, Azərbaycan!
“Qalx”! – deyəndə, qalxacaqsan, Azərbaycan!
Gəmilərin göy Xəzərdə üzər keçər,
Şahinlərin səmalarda süzər keçər.
Körpülərin, binaların
paytaxtımı yollar boyu bəzər keçər.
Keçmək olmaz amma səndən, Azərbaycan!
İşıq alır dünya səndən, Azərbaycan!
Bir nəğməsən, oxuyuram bu torpaqda,
“Can!” – dedikcə can duyuram bu torpaqda –
Ey ilhamlı səhərlərim,
Sən ki varsan, mən də varam bu torpaqda.
Yellənəcək bayrağımız, Azərbaycan!..
Müqəddəsdi torpağımız, Azərbaycan!..
Azərbaycan – Nəriman Həsənzadə
Hər millətin, hər torpağın öz adı var, öz ünvanı,
Yağılara baş əyməyib Azərbaycan qəhrəmanı.
Vahid Vətən himnimizdi Şəhidlərin axan qanı,
Nəsillərə yadigardı, zaman yazdı bu dastanı.
Millətlərə hürriyyətdi, istiqlaldı şüarımız,
Azadlığı, səadəti qorumaqdı qərarımız.
Respublikam – ana torpaq, qədim Odalar diyarımız!
Yaşadıqca – vətənimiz, ölsək – şəhid məzarımız.
Üç rəngdədi bayrağımız, qalxan bayraq enən deyil,
Mərd oğullar dar ayaqda öz andından dönən deyil.
O vətən ki, tapdalanır ayaq altda, vətən deyil,
O torpaqda bağ becərsən, ot göyərib bitən deyil.
Ana Kürün, Xan Arazın böyümüşük laylasına,
Sərvətimiz ayna tutub göy Xəzərin aynasına.
Dünya baxsın – tarix olmuş Azərbaycan dünyasına,
Mübarizə zinət verir ömrün-günün mənasına.
VƏTƏNİM MƏNİM
Mənim varlığımsan, həm məsləkimsən,
Dünyaya sığmayan məmləkətimsən,
Muğanım, Milimsən - bərəkətimsən!
Füzuli, Zəngilan nəfəsim mənim,
Canım Azərbaycan – Vətənim mənim!
Qoşa dayanıbdı Kəpəzlə Qoşqar,
Şahdağın əyilməz - əzəmət, vüqar!
Tarixlər yaşadan Şəkim, Qubam var,
Lalələr bitirir çölüm-çəmənim,
Canım Azərbaycan – Vətənim mənim!
Yaşayaq, yaradaq azad, firavan,
Yardımlı dağları cənnət, gülüstan.
Masallı, Astara, Lerik, Lənkəran,
Cəlilabad əvəzsiz məkanım mənim,
Canım Azərbaycan – Vətənim mənim!
Şamaxı, Kürdəmir, Lahıca bir bax,
Ulu tarixlərdən soraqdı, soraq.
Qəbələm, Oğuzum yanan bir çıraq,
Həmişə olubdur qayğı çəkənim,
Canım Azərbaycan – Vətənim mənim!
Sabirabad, Saatlım, Balakən, Qaxım,
Dahilər yetirən doğma Qazaxım,
Mənim qan damarım – Kürüm, Arazım,
Şuşam, Kəlbəcərim – min qəmim mənim,
Canım Azərbaycan – Vətənim mənim!
Bakım, Naxçıvanım, Təbrizim, Gəncəm,
İrəvan, Zəngəzur, ey ulu Göyçəm,
Sizsiz açılarmı, de, zülmət gecəm?
Xocalım, Laçınım – həsrətim mənim,
Canım Azərbaycan – Vətənim mənim!
Qarabağ, yanıram qəmli halına,
Şirin candan keçən şəhid balana.
Pərvanə and içib Haqqa, Qurana,
Bölünməz bu yurdum, bu yuvam mənim,
Canım Azərbaycan – Vətənim mənim!
Vətən
Müəllif: Abbas Səhhət
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nümaaaa
Vətənim verdi mənə nanü-nəmək
Vətəni məncə unutmaq nə demək?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.
Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.
Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.
Vətənin sevməyən insan olmaz,
Olsa ol şəxsdə vicdan olmaz!