Bahar Fəslinə Aid Şeirlər |
"Bahar və mən" şeiri
Bahar nə xoş gəlir, ruha dad verir.
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
Çıxır dağ döşünə körpə quzular,
Tərlanın səsini əks edir sular.
Səhər yuxusundan ayıldır məni
Sinəmə sığınayan böyük duyğular.
Könül dinc durmayır, oynayır yenə,
Əzəldən aşiqəm həyat şerinə;
İlk dəfə oğlumun əlindən tutub
Çıxmışam səhərin tərlan seyrinə.
Ölümə can vermə ölsən baharda,
Könül müqaddəsdir, qalmasın darda;
Baharın eşqiylə çıxır yuvadan
Balası dalında qarışqalar da.
Yaşıl köynəyini geyinir meşə,
Yaxama quş kimi qonur bənövşə;
Qoy məndən dərs alsın qoca təbiət,
O da könlüm kimi gülsün həmişə.
Bahar nə xoş gəlir, ruha dad verir,
Xəyala, duyğuya qol-qanad verir;
Var olsun şerimiz, şairlərimiz! –
Hər gülə, çiçəyə təzə ad verir.
Müəllif: Səməd Vurğun.
Gözəl bahar,
Gözəl bahar!
Darıxırıq,
Tez gəl, bahar!
Çətir-çətir
Güllər gətir,
Otaqlara
Dolsun ətir.
Sənsən əziz,
Şən nəğməmiz;
Gözləyirik
Yolunu biz.
Gözəl bahar,
Tez gəl,bahar;
Bağçamızda
Dincəl, bahar!
Müəllif: Teymur Elçin
Bahar gəlir ellərə şeiri
Bahar gəlir ellərə,
Yaşıllaşır dağ-dərə.
Açılıb Novruzgülü,
Heyran edir bülbülü.
Baş qaldırır Yasəmən,
Gözəlləşir çöl-çəmən.
Laləyə bax, Laləyə,
Batıb şehə, jaləyə.
Açılıb min bir çiçək,
Gülləri ləçək-ləçək.
Düşüb fəqanə quşlar,
Yağır isti yağışlar.
Qar əriyir dağlarda,
Bülbül ötür bağlarda.
Gün yayılır hər yerə,
Bahar gəlir ellərə.
Müəllif: Faiq Hüseynbəyli
Bahar bayramı şeiri
Salamladıq bülbülü,
Açıldı novruzgülü.
Bağlarda quşlar ötdü,
Nərgiz, bənövşə bitdi.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Günəş öpdü çəməni,
Evdə qoyduq səməni.
Qarşıladıq Novruzu,
Şamlar sarı, qırmızı.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Süfrələr bər-bəzəkli,
Üstü şirin çörəkli....
Nimçələrdə yer-yemiş,
Şəkərçörəyi, kişmiş.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Pıçıldaşdı bülbüllər,
Bəzədi bağı güllər.
Saldı zoğal və alça
Yerə çiçəkdən xalça.
Gəldi bahar bayramı,
Şənlik etdi el, hamı.
Müəllif: Mirvarid Dilbazi
"İlk bahar" şeiri
Bahar, bahar gəlmiş, yеnə ilk bahar;
Güllər, çiçəklər gülər, quşlar oynar.
Göyün altın saçlı qızı nur saçar,
İnsanların tutqun gönlünü açar.
Dağlar, çəmənlər gеyinir al, yaşıl;
Yеrlər, göylər parıldar ışıl-ışıl.
Bülbüllər ötüşür, cəh-cəh vururlar,
Güllüklərdə düyün, dərnək qururlar.
Sеvgili bir çoban, on bir yaşında,
Düdük çalar aqar sular başında.
Ətrafında qoyun, quzu hoplaşır,
Oynar, mələr, qoşar yеnə toplaşır.
Bir yanda bir dul qadın ağır-ağır
Xəstə yavrusunu öpüb oynadır.
Bir yanda məktəbli bir çoq qız, oğlan
Oynaşıb oquşur həp bir ağızdan.
Əl-ələ, qol-qola şadan olurlar,
Haqqın qüdrətinə hеyran olurlar.
Müəllif: Hüseyn Cavid
Əs, ey ətirli dan yeli,
Könülaçan bahar gəlir.
Bənövşə, yan dara teli,
Bağa sevimli yar gəlir.
Bulud, gecikmə, düş yola,
Çəmənləri süpür, sula,
Səadət ilə qol-qola
Könülaçan nigar gəlir.
Məhəbbətin çırağıdır,
Yeri könül bucağıdır.
Sıxıntı, dərdi dağıdır,
Elə, günə dutar gəlir.
Günəşlə vermiş əl-ələ,
Üzü şəfəq saçır gülə,
Görüncə hüsnünü elə,
Sevinc gəlir, vüqar gəlir.
Baxın qanadlanan göyə,
Qaranquşa, qaz, ördəyə,
-Vətən, Vətən, Vətən, – deyə
Yenə qatar-qatar gəlir.
Müəllif: Abdulla Şaiq