Novruz bayramına həsr olunmuş bir-birindən gözəl şeirlər
“Bayramların Sultanı” şeiri
Müəllif: Yusif DİRİLİ
Novruz gəlir yurduma
Hər tərəf gül-çiçəkdir.
Az sonra keçəl, kosa
Meydana gələcəkdir.
Hər tərəf işıq saçdı,
Novruz gəldi, sevindik.
Kədər bizdən gen qaçdı,
Şadyanlığa büründük.
Şəkərbura, paxlava,
Şorqoğalı yeməli.
Bayramların sultanı,
Ancaq sənə deməli.
Qoz-fındığın, qovurğan
Ağzı dada gətirir.
Üzərriyin, yovşanın
Qada-bala götürür.
Tonqal çatıb uşaqlar,
Atlanırlar üstündən.
Qorxu yoxdu alovdan,
Göz çıxardan tüstüdən.
“Bənövşə bəndə düşə”
-Bir oyundu məzəli.
Uşaqların sevdiyi,
“Yenə gəldi ənzəli”
Çərşənbələr ard-arda
Mənalıdır hər biri.
Bərəkət simvolusan,
Neçə min ildən bəri.
“Novruz Bayramı” şeiri
Müəllif: S.Fətəliyeva
Gəlib Novruz bayramı,
Yandırmışıq biz şamı.
Tonqallar alışıbdır,
Sevincimiz daşıbdır.
Fərəhlənir uşaqlar,
Papaq atır qoçaqlar.
Hər evdə aş dəm alır,
Şənlik göyə ucalır.
Göyərib səmənilər,
Payla dolub sinilər,
Gəlib Novruz bayramı,
Sevinir, gülür hamı.
“Novruz” şeiri
(Məktəbli balacalar üçün)
Müəllif: Leyla Mətin
Yurdumuza gəlir yaz,
Açır bahar gülləri,
Nərgizin, bənövşənin
Çöllərdən gəlir ətri.
Süfrəyə fındıq, badam
Səməni də qoymuşam.
Çöldə tonqal qurulub,
Süfrəmizdə yanır şam.
Novruz bayramı günü,
Qapıya papaq düşər.
Papağı boş qaytarsam,
Dostlarım məndən küsər.
Keçəl-kosa xurcunu,
Taxar çiyninə qoyar.
Hər evdə qoğal bişər.
Ocaqda qaynar qazan.
Boyanar yumurtalar
Pay gedər evdən-evə
Küsənlər barışarlar,
Novruz gələndə elə.
“Bahar-Novruz Bayramı” şeiri
Müəllif: Anonim
Novruz bayramına aid şeirlər |
Üçbucaq düzəldir göydə durnalar,
Bir tuğyan qoparır qara zurnalar,
Quşlar cəh-cəhilə gətirir bahar,
Gəlir bər -bəzəkli bayramlar yenə.
Gəlir evdən-evə Novruz sovqatı,
Bu gün maviləşir göylərin qatı,
Qovuşur xoş günə insan ovqatı,
Tonqallar çatılır axşamlar yenə.
Çəkilir uzağa şaxtalı qorxu,
Bahar qaranquşu gətirir sorğu,
Hələ yuxudadır ağaclar çoxu,
Əvvəl çiçək açır badamlar yenə.
Öpür hər tərəfi bahar nəfəsi,
Qapıda,bacada quşların səsi,
Açılır dostların bayram süfrəsi,
Yanır xonçalarda ağ şamlar yenə.
“Səməni” şeiri
Müəllif: Abdulla Şaiq
Ey səməni, saxla məni
Hər il göyərdərəm səni.
Ayaq basdın ölkəmizə,
Bol-bol şənlik gətir bizə.
Çatır-çatır yansın ocaq,
Şadlıq etsin oğul-uşaq.
Sünbül saçlı tarla, əkin
Parıldasın qızıl təkin.
Bağlar bəzək vursun yenə,
Quşlar məclis qursun yenə.
Budaqlarda axşam, səhər,
Şəfəq saçsın şux meyvələr.
Sevincimiz başdan aşsın,
Bahar, günəş qucaqlaşsın.
“Novruz” şeiri
Müəllif: Ramiz Rövşən
Bu gün Novruz bayramı,
Gəlib yurda, yuvaya.
Gülür şadlanır hamı,
Şam atılır havaya.
Gur tonqallar qalanır,
Uşaqlar dövrə vurur.
Göydə tüstü bulanır,
Burum-burum tor qurur.
Əllərdə papaq, torba,
Körpələr qaçışırlar.
Şadlıq edir el, oba,
Ürəklər uçuşurlar.
Novruz bayramı gəlir,
Küsüşənlər barışır.
Hər qəlbi sevda dəlir,
Könül canla yarışır.
Uşaqların sevinci,
Aşıb-daşır sel kimi.
Hər birisi dür, inci,
Qaçışrlar yel kimi.
Bitməsin bu toy, büsat,
Yurdu alsın ağzına.
Qaynasın, daşsın həyat,
Çıxaq ömrün yazına.
“Novruz gəlir” şeiri
Müəllif: Yusif DİRİLİ
Təbiət boyanıb girir min dona,
Ağaclar hörmətlə baş əyir ona.
Kədər, qüssə tükənib gəlir sona,
Xoş qədəmlə bu elə novruz gəlir.
Naxış vurur novruz çəmənə, dağa,
Bol meyvələr hədiyyə edir bağa,
Ruzi, bərəkətlə gəlir bu torpağa,
Xoş qədəmlə bu elə novruz gəlir.
Xalqımız sevinib şənlik edirlər,
Əl-ələ verirlər, yallı gedirlər.
Bayramınız mübarək olsun deyirlər,
Xoş qədəmlə bu elə novruz gəlir.
Süfrələrə naz neymətləri düzək,
Badələrə sevgi şərbəti süzək.
Kədərli ömürdən əlimizi üzək,
Xoş qədəmlə bu elə novruz gəlir.
Şamları yandıraq arzular tutaq,
Dərdlə vidalaşıb dərdi unudaq,
Gülər üzlə novruzu qarşılayaq,
Xoş qədəmlə bu elə novruz gəlir.
Novruz bayramına aid şeirlər
Bənzər mövzular:
Axtarış sözləri: novruz bayramina aid seirler,novruz uşaq şeirləri,novruz bayramı haqqında şeirlər,novruz bayramına aid şeir,novruz seiri,novruz bayramına aid şeirlər,novruza aid seir,novruza aid seirler usaqlar ucun