-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Ayrılıq şeirləri, Ayrılığa aid Şeirlər

bilgideryasi
Sponsor 2

ayriliq seirleri,Ayrılıq şeirləri,Ayrılığa aid Şeirlər,



Ayrılmayaq şeiri

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

 əllif: Rəsul Rza. 

 

 

Ayrıldıq şeiri

Ayrıldıq, surətin itdi gözümdən,
Sandım, sifətini unutmuşam mən.
Bilmirəm bu nə sirr, yaxın- uzaqdan,
Səsin qulağıma anbaan gəlir.


Fikrimə gəlmirsə surətin bir an,
Səsin qulağıma bəs hardan gəlir?
Yığıram bir yerə bəzən fikrimi,
Sifətin yadıma çox çətin gəlir.

 

Səsin qulağımda cınlayan kimi,
Gözümün önünə surətin gəlir.
Səsə bu qudrəti tanrımı vermiş?
Səs də rəssam olub, rəsm çəkərmiş.

əllif: Bəxtiyar Vahabzadə

 

Ayrılmalıyam şeiri


Gözü yolda qalmamaqçün,

Sızlayıb ağlamamaqüçün

Artıq belə yanmamaq üçün

Səni unutmalıyam.

Səndən ümid dilənmədən,

Bundan belə əzilmədən

Səssiz-səssiz sezilmədən

Səndən ayrılmalıyam.

əllif:  Naməlum


Ayrılıq şeiri

 

Anlaşa bilmədik nə Sən, nə də mən,

Bəs niyə ürəyim yanan ocaqdır?

Əlvida ayrılıq deyil, Birdənəm,

Ayrılıq - əslində darıxmamaqdır.

Mən Sənə nə deyim?! O yol, o da Sən...

İntizar yolunun üzü gecədir.

Əlvida ayrılıq deyil, Birdənəm,

Ayrılıq - ümidlər can verincədir.

Demirəm bu eşqin önündə əyil,

Sevgi qəfəs deyil, azad olmaqdır.

Ayrılıq həsrətdən boğulmaq deyil,

Ayrılıq - onsuz da nəfəs almaqdır.

İndi əllərinin təsəllisi nə?

Özgə dodaqların dadı neCədir?

Əlvida ayrılıq deyil, Birdənəm

Ayrılıq - inadın tükənincədir...

əllif:  Arzu Hüseyn

 
Keçilməz dağları mən sənsiz keçdim şeiri

Keçilməz dağları mən sənsiz keçdim.
İndi bizi ayıran dağmısan, qadın?
Görürdüm gəlmirsən, qəm suyun içdim.
Bir xəbər eylə, sağmısan, qadın? 

Xəbərin olmadan heyrandım sənə,
Bir sənə aşiqdim, bir də Vətənə.
Boğazıma dolaşmış bağ oldun mənə,
İndi məni öldürən bağmısan, qadın? 

Ayrılıq həsrətin çəkdim hər gecə,
Xəyalını qururdum səndən gizlicə.
Necə öldürdün məni? Bilmirəm necə,
Qəlbimdə salınmış darmısan, qadın?

Boğuldum içimdə, səsim gəlmədi,
İtirdiyim xəyalın dünən gəlmədi
Neynədim sənə,niyə yazığın gəlmədi?
Baharı donduran qarmısan, qadın? 

Gəzirdim xəstətək yayı, payızı,
Dözərdim hər şeyə, çəkərdim nazı.
Dərdimi danışıb ağlatdım yazı
Xəstəni ağladan narmısan, qadın? 

Yanmamışdım bu qədər eşqin oduna,
Yandım hər sözünə, yandım adına.
Arada bir məni də salırsanmı yadına?
Kasıbı çaşdıran varmısan, qadın?

əllif:  Zamanlı Lamiyə

Nə Yazım şeiri

Nə yazım, ayrılıq nədir bilməzsən,
Nələr çəkdiyimi çəkənlər bilər.
Nə deyim, söz varmı dərdimə ölçü,
Sənsiz göz yaşları tökənlər bilər!

Sənsiz nədir Günəş, nədir qaranlıq?
Nədir günahımız biz ayrı qaldıq?
İşıqsız bir dünya yaşarmı artıq?
Gözünə qaranlıq çökənlər bilər!

Bəlkə sən anmadın mənim adımı?!
Bilməm xatirində yerim qaldımı?
Mən bir çiçək quşu - pozmam andımı,
Güllər bilməsə də, tikanlar bilər!

əllif: Əhməd Cavad

Ayrıldıq Şeiri

Xeyli vaxtdır ayrılmışıq yar ilən,
Gördük, amma tanışmadıq, ayrıldıq.
Qaldı canda gizli-gizli dərdimiz,
Bircə kəlmə danışmadıq, ayrıldıq.

Qərib-qərib durduq biganələr tək,
Soyuq-soyuq baxdıq divanələr tək.
Dönmədik başına pərvanələr tək,
Eşq oduna yanışmadıq, ayrıldıq.

Yarım saat bir arada qalmadıq,
Eşq atəşin canımıza salmadıq,
Yalvanban yann könlün almadıq,
Elə getdi, barışmadıq, ayrıldıq.

O zaman ki, aşnalığı tərk etdik,
Cüda düşdük, xeyli ciyər bərkitdik.
Aralıqdan könül quşun ürkütdük,
Bir-birilə qonuşmadıq, ayrıldıq.

Vaqif sevdi bir iqrarsız bivefa,
Bada getdi tamam çekdiyi cefa,
Görüşüben eyləmedik xoş səfa,
Qucaqlaşıb sanşmadıq, ayrıldıq.

Ayrılıq şeiri

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

“Ölmədim” deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

…Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm…

Deyirsən: “Ölüyəm, ölünü öpmə…”
Əlimin içində
soyuyur əlin.
Deyirsən: “Sən Allah, əlimi öpmə,
əlimdən, deyəsən, qan iyi gəlir…

əllif: Ramiz Rövşən.

 

 Axtarış sözləri: ayriliq seirleri,Ayrılıq şeirləri,Ayrılığa aid Şeirlər,Ayrılıq haqqında şeirlər,şeirlər,

 


>
To Top