-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Mikayıl Müşviq şeirləri - Ən gözəl 6 şeiri

bilgideryasi
Mündəricat: 

  • Sevgilər şeiri
  • Ana şeiri
  • Məni gözəl xatırla...
  • Rəssam şeiri
  • Yenə o bağ olaydı şeiri
  • Həyat sevgisi şeiri


 

Mikayıl Müşviq şeirləri,mikayil musviq seirleri müşviqin yenə o bağ

Sevgilər şeiri


Ana şeiri

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 

Ana dedim, bir ürpəriş hasil oldu canımda,

Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,

Ana dedim, fəqət onu görməz oldum yanımda.

 

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,

Onu gözəl anlatamaz düşündüyüm satırlar.

Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,

Çünki onun xilqətində ayrıca bir füsun var.


Başqa aləm yaşamadım böylə gözəl biçimdə,

Onu kimsə gözəlliyin çilvəsində yaratmış;

Ana, ana… çiçəkli bir fidandır ki, içimdə

Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.


 O fidanı bəzi faqıt istiyorum çəkərək,

Qoparayım ürəyimdən, fəqət onda varlığım

Sızıldarkən, sanki bir səs qopub incə və titrək

Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!


Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,

Söylədiyin sözlər ki var beşiyinin üstündə

Oxuduğum türkülərin kölgəsidir, övladım!

Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.


Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,

Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı

Baban kimi soyuq əllər qucağına çəkərkən,

Yalnız acı fəğanların titrədirdi hər yanı.


İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,

Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-

Olan olmuş, keçən keçmiş, indi məni yaşadan

Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.


İnandığım bir qiblə var, o da hər gün, hər zaman

Yorulmayan qollarımla, düşünərək yapdığım

Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,

Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!


Rəssam şeiri

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim.


Çək onun qaradan qara telini,

Çək, rəssam çək onun incə belini,

Gözünə çatanda saxla əlini

Can alan gözünü mən özüm çəkim.


Çək Tanrı verdiyi gözəl qulunu,

Çək dörd bir yanını, sağı solunu,

Çək onun keçdiyi həyat yolunu

Qoy ayaq izini mən özüm çəkim.


Məni gözəl xatırla şeiri


Məni gözəl xatırla…

Bunlar son misralar…

Fərz et ki, bir külək idim, əsib keçdim həyatından…

Ya da bir yağmur, sel oldum çöllərdə…

Sonra torpaq çəkdi suyu canına

Yox olub getdim, bəlkə röya idim səninçün

Oyandın ve mən bitdim…

Məni gözəl xatırla…

Çünki sevdim sənin mən hər şeyini…

Sənə sirdaş oldum, dost oldum

Qoynumda ağladın…

Üzünə vurmadım heç bir nöqsanını

Məni üzdün qınamadım

Alışmışdım vəfasızlığa, el oldun aldırmadım…

Məni gözəl xatırla…

Səhifələrcə məktub buraxdım sənə

Şeirler yazdım her gece çoxunu oxutmadım…

Saxladım günahını, savabını içimdə, səssizcə getdim

Səndən əvvəlkilər kimi sən də başa düşmədin…

Meni gözel xatırla…

Sənə unudulmaz gecələr buraxdım

Sənə en yorğun sabahlar

Gülüşümü, gözlərimi, sonra səsimi buraxdım…

Söylənməmiş ”Salamlar” buraxdım hər küncə

“Vidalar” buraxdım dayanacaqlara…

Nə axtararsan bir sevdanın içində

Artıqlamasıyla buraxdım arxamda…

Məni gözəl xatırla…

Dizlərimdə yuxuya getdiyini düşün

Saçını oxşadığımı, üşüyən əllərini isitdiyimi düşün…

Sevincli olduğun anları gətir gözünün önünə

Alnından öpdüyüm dəqiqələri…

Bir azdan qapını döyəcəyimi düşün…

Təəccübləndirməyi sevirəm bilirsən

Buda sənə son surprizim olsun…

İndi səninlə yaşanan günləri atəşə verirəm…

Məni gözəl xatırla…

Gedirəm…


 

Yenə o bağ olaydı şeiri

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər axşam.

Arzuya bax sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Yenə o bağ olaydı, yenə sizə gələydik,

Danışaydıq, güləydik.

Ürkək baxışlarınla ruhumu dindirəydin,

Məni sevindirəydin.

Gizli söhbət açaydıq, ruhun ehtiyacından.

Qardaşından, bacından

Çəkinərək çox zaman söhbəti dəyişəydin,

Mənimlə əyişəydin.

Yenə bir vuraydı, qəlbimiz gizli-gizli,

Sən, ey əsmər bənizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,

Vay o qəlbə ki, boşdur!

Hər üfüqdə bir həvəs, hər bucaqda bir umud,

İnsanlar daha məsud.

Duyğular daha incə, fikirlər daha dərin,

Ürəklər daha sərin.

İnsanların vüqarı, tələbi daha yüksək,

Yolumuzdan daş, kəsək,

Təmizlənmiş bir az da. Ellərin keyfi sazdır,

Bu yaz, bir başqa yazdır!

Yenə o bağ olaydı, yenə o qumlu sahil,

Sular ötəydi dil-dil.

Saçın kimi qıvrılan dalğalara dalaydım,

Dalıb ilham alaydım.

Əndamını həvəslə qucaqlarkən dalğalar,

Qəlbimdə qasırğalar,

Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,

Məni hirsim boğaydı.

Cumub alaydım səni dalğaların əlindən,

Yapışaydım belindən.

Xəyalımız üzəydi sevda dənizlərində,

Ləpələr üzərində.

İlhamımın yelkəni, zərrin saçın olaydı,

Sular xırçın olaydı.

Bu nə gözəl şeirdir, bu nə gözəl mənzərə,


Gəlin baxın Xəzərə.

Çıxalım Buzovnada kiçik qayalıqlara,

Seyrə dalım bir ara...

Gecələr sayrışarkən, ulduzlar lalə kimi,

İşıqlar jalə kimi.

Çilənib dağılarkən ətrafa damla-damla,

Ən yaxın bir adamla.

Nə gözəldir dinləmək suların nəğməsini,

Təbiətin səsini!

Nə gözəldir dolaşmaq, isti yay fəsilləri,

Bu sərin sahilləri!


Nə gözəldir səhərlər bizim böyük ruhumuz,

Aşıb-daşan duyğumuz.

Şəklindəki sulara, baxaraq ləzzət almaq,

Bu mavi şerə dalmaq.

Dalğalar kimi qalxmaq, dalğalar kimi enmək,

Bəzən hürküb çəkinmək.

Hər dalğa bir kişnəyən bəyaz yallı at kimi,

Bizim bu həyat kimi!

Yenə o bağ olaydı sevdalar ölkəsində,

O söyüd kölgəsində.

İnci qumlar üstündə yenə verib baş-başa,

Yayı vuraydıq başa.

Günlərimiz keçəydi qızğın fərəhlər kimi,

Dolu qədəhlər kimi.

Yarpaqlar arasından uzadaraq əlini,

Oxşayaraq telini.

Gecələr darayaydı saçlarını ay gözəl!

Sən gözəlsən, ay gözəl?

Əllərində əllərim, gözlərində gözlərim...

Asılaydı sözlərim

Könlünün qulağından bir qızıl tana kimi,

Günəş doğana kimi.

Bu yaz dostlarım bir az bəxtəvər olacaqlar,

Can-ciyər olacaqlar.

Bir az da uzaqlara açacaqlar yelkəni,

Ruh yeni, həyat yeni...

Çıxacaqlar göyləri aşaraq dönə-dönə,

Buludların fövqünə.

Uçacaqlar sabaha, uçacaqlar yarına,

Efir boşluqlarına.

Vaxtilə bir kölgə tək hür yaşamaq istəyən,

Bu insan oğlu bilsən.

Azadlıq ölkəsində daha şad olacaqdır, Dünya dad alacaqdır.

Yenə o bağ olaydı, yenə yığışaraq siz,

O bağa köçəydiniz.

Biz də muradımızca fələkdən kam alaydıq,

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim.

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

Həyat sevgisi

Ah, mən gündən-günə bu gözəlləşən

İşıqlı dünyadan necə əl çəkim?

Bu yerlə çarpışan, göylə əllləşən

Dostdan, aşinadan necə əl çəkim?


Dönmə bir şəbnəmə yaz səhərində,

Könül, günəş kimi parla yerində!

Göylərin lacivərd ətəklərində

Gedən bu qovğadan necə əl çəkim?


Baxınız, dan yeri sökülmüş kimi,

Dostlar bir cəbhəyə tökülmüş kimi.

Uzaqdan-uzağa xam gümüş kimi

Ağaran səhradan necə əl çəkim?


Təbiət varlıdır, təbiət xəsis,

İşlədərkən onu, sən ey mühəndis,

Mən də qart daşlara verdiyim bu hiss,

Bu incə mənadan necə əl çəkim?


Bir yanda tərlanlar, dumanlı dağlar,

Bir yanda kəkliklər, ayna bulaqlar,

Bir yanda bülbüllər, çiçəkli bağlar,

Mən bu tamaşadan necə əl çəkim?


Həyat dedikləri bu keçməkeşdən,

Qəlbimdə, qanımda yanan atəşdən,

Gecədən, gündüzdən, aydan, günəşdən,

Bu əngin fəzadan necə əl çəkim?


Qarşımda dalğalı dərin bir ümman,

Ümmanı sarsıdır bir acı tufan,

Bəyaz köpükləri bir çiçək yapan

Şeirdən, xülyadan necə əl çəkim?


Ulduzlar fikrimin çırağbanıdır,

Bulud xəyalımın karıvanıdır,

Səma ki, hissimin aşiyanıdır,

Böylə bir səmadan necə əl çəkim?


Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu,

Məndən məcnun kimi könül maraqla sordu:

-Bu saçı leyladan necə əl çəkim?


Xəzan acısına edib təhəmmül,

Gülün kölgəsində ötəndə bülbül,

– Həyat, həyat!- deyə çırpınır könül.

Könüldən, sevdadan necə əl çəkim?


Sən aldın aşını yeni hisslərdən,

Ey cavan qələmim, düşmə bəhərdən,

A dostlar, söyləyin, mən bu hünərdən,

Bu təbi valadan necə əl çəkim?

>
To Top