YARI MƏNDƏ, YARI SƏNDƏ ŞEİRİ
İkimizdə bir ürək var.
Yarı məndə, yarı səndə.
Sevgi adlı bir ağacıq,
Budaq məndə, narı səndə.
Çiçək ətri gül üzündə,
Min məna var hər sözündə.
Bir buluduq göy üzündə
Yağış məndə, dolu səndə.
Bir ovçuyam, günüm ovda
Qaçhaqaçda, qovhaqovda,
Eşqimiz bir şirin sevda
Pətək səndə, balı məndə...
Müəllif: Nüsrət Kəsəmənli
NEYLƏYİM? ŞEİRİ
Bu təbəssüm bir çiçəyin izidi,
Ala gözün bulaqların gözüdü,
Ürəyimdə məhəbbətin özüdü,
Ürəyimlə bacarmıram, neyləyim?
Hər eyhamın bir tilsimə açardı,
Dil bilsəydi daş da könül açardı.
Ağlım səndən uzaqlaşar, qaçardı,
Ürəyimlə bacarmıram, neyləyim?
Bu ülfətin sonu hicran deyil ki,
Dilim tutmur istəyimi deyim ki.
Sənə gələn yollarımı əyimmi?
Ürəyimlə bacarmıram neyləyim?
Müəllif: Nüsrət Kəsəmənli
Gözləyirəm Şeiri
Hər dəqiqəm il olur,
Sən gəlirsən, hər ləpirin gül olur.
Qəlbim yenə qolu bağlı qul olur,
Ürəyimlə bacarmıram, neyləyim?
Uşaqlığın havası var başında,
Ürəyimin xəncəri var qaşında.
De, sevimmi mən indi bu yaşımda?
Ürəyimlə bacarmıram, neyləyim?
Müəllif: Nüsrət Kəsəmənli
KÜSÜLÜ QALA BİLMİRƏM ŞEİRİ
Qayıdıb gəlmişəm yanına yenə,
Nə olar, bu dəfə qəlbimə dəymə.
Deyəsən gülürsən acizliyimə,
Neyləyim, küsülü qala bilmirəm.
Sevənlər həmişə yesir düşübdür,
Axı, aramıza nə sirr düşübdür,
İradəm sevginə əsir düşübdür.
Neyləyim, küsülü qala bilmirəm.
Zaman gözləməyir,
Ömür-gün axır,
Soyuqluğun mənı yandırır-yaxır.
Gözüm gözlərinə yalvarıb baxır,
Neyləyim, küsülü qala bilmirəm.
Uçub buludlara qona bilərəm.
Bu dərdin əlində sola bilərəm.
Ömürlük ac-susuz qala bilərəm,
Neyləyim, küsülü qala bilmirəm...
Müəllif: Nüsrət Kəsəmənli
ALLAHIM, AYIRMA BİZİ ŞEİRİ
Bu ömür yolunda üz-üzə gəldik,
Zülmət bir gecədən gündüzə gəldik,
Deyəsən, axırda biz gözə gəldik,
Nə olar, Allahım, ayırma bizi.
Sənin əlindədir taleyin hökmü,
Nə oldu, bu sevgi bir ağır yükmü?
Ayrılıq deyilən səndən böyükmü?
Nə olar, Allahım, ayırma bizi.
Sonradan qovuşan iki yoluq biz,
Sevgiylə başlayan iki sonuq biz,
Haqqına tapınan iki quluq biz,
Nə olar, Allahım, ayırma bizi.
Duymadıq sevginin şirin dadını,
Vurma qəlbimizə hicran odunu,
Eşit sevənlərin qəm fəryadını:
Nə olar, Allahım, ayırma bizi.
Bu biz, bu məhəbbət, bu alın yazı.
Yoxsa bu yazıya əgər bir pozu.
Ayırmaq istəsən al canımızı,
Nə olar, Allahım, ayırma bizi...
Müəllif: Nüsrət Kəsəmənli
BƏLKƏ BU TƏSADÜF ŞEİRİ
Bizi görüşdürüb nigaran yollar,
Yollar ürək kimi boşalar, dolar.
Allahın işini nə bilmək olar,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Bəlkə tanrı payım, könül ruzumsan,
Bəlkə də tanrıya çatan sözümsən.
Bəlkə də sən mənim alın yazımsan.
Bəlkə bu təsadüf məhəbbət oldu.
Yaranan ülfəti sən kəsmə hələ,
Tale qismətindən sən küsmə hələ.
Əlvida deməyə tələsmə hələ,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Ürəyim az qalır sinəmdə uça,
Həmdəm aramışam ömür boyunca.
Qoy bir də üzünə baxım doyunca,
Bəlkə bu təsadüf məhəbbət oldu.
Ötəri tanışlıq bir adət deyil,
Elə hər sevgi də səadət deyil,
Bilirəm hər görüş məbəbbət deyil,
Bəlkə bu təsadüf məhəbbət oldu.
QADASIN ALDIĞIM ŞEİRİ
Çöl mənimdi, çiçək sənin,
Gül sənindi, ləçək mənim,
Əl mənimdi, ətək sənin,
Kəsmə, qadasın aldığım.
Səndən sonra yoxdu yolum,
Sən oldun qanadım, qolum,
Öldür məni, qurban olum,
Küsmə, qadasın aldığım.
Batır məni ümman kimi,
İtir məni duman kimi,
Başımda bir tufan kimi
Əsmə, qadasın aldığım.
Yolları yorub gələrəm,
Tilsimi qırıb gələrəm,
Qəbrdən durub gələrəm,
Səslə, qadasın aldığım.
Bir dərya ol gəmim üçün,
Bir əlac ol qəmim üçün,
Sən özünü mənim üçün
Bəslə, qadasın aldığım...
ƏLLƏRİN NƏ YAMAN SOYUQDUR, GÜLÜM ŞEİRİ
Əllərin nə yaman soyuqdur, gülüm.
Əllərin elə bil qar çiçəyidir.
Ay aman, əlində dondu ki, əlim,
Əllərin əlimin buz əlcəyidir.
Biz ki, cənubluyuq
bu soyuq hardan?
Gərək külümüz də soyuq olmasın.
Gözümüz dünyada ən qaynar bulaq,
Gərək əlimiz də soyuq olmasın...
Oddan yoğrulmuşuq,
atəşik axı,
Qəlbimiz -
duyğular tonqalı kimi.
Yanağın
Ele bil alov dilimi,
Əllərin bir taxta yonqarı kimi...
Əllərin nə yaman soyuqdur, gülüm,
Niyə bu soyuğu indi duymuşam?
Bir ömrün məhəbbət taleyini mən
O soyuq əllərə necə qıymışam?!
Ay üzü baharlı,
əli qış sonam!
Gileyim gülməli gəlməsin mənim.
Qorxuram
sevgidə soyumağın da
Əlindən başlaya,
əlindən sənin;
Əllərin nə yaman soyuqdur, gülüm...
UNUT KƏDƏRİNİ ŞEİRİ
Nədir gözlərində bu qəmli sual,
Unut kədərini, qəmini unut,
Hələ ki ömründə mən varam sənin,
Unut kədərini, qəmini unut.
Bu da bir zamandı gəlib gedəcək,
Sevincin kədərə gülüb gedəcək,
Bu qəmli günlərin ölüb gedəcək,
Unut kədərini, qəmini unut.
Elə bil dağsan ki, vüqar yaraşır,
Söylə, taleyində kimlər dolaşır?
Sən elə işıqsan görənlər çaşır,
Unut kədərini, qəmini unut.
Dağlardan gəlmişik çəni unutma,
O şirin çağları, dəmi unutma.
Qurban gözlərinə, məni unutma,
Unut kədərini, qəmini unut.
SƏN UŞAQ DEYİLSƏN Kİ ŞEİRİ
Sən uşaq deyilsən ki,
dəymə-düşər olasan,
Hər şirin oxşamaya,
vədlərə aldanasan...
Sən uşaq deyilsən ki,
Heyrətin böyük ola,
Evcik yapdığım yerdə
bir ovuc şüşə qala
sınmış bir ürək kimi...
Sən uşaq deyilsən ki,
söyləyim ki, məhəbbət
insan ömrü üçündür
su kimi, çörək kimi.
Sığınıbdır vüqarım,
sevgim, qeyrətim sənə,
Eh, mən də lap uşağam;
Sən uşaq deyilsən ki,
sevgi öyrədim sənə...
SEVDİRƏ BİLMƏDİM ŞEİRİ
Dəli kimi sevdim gözəl dəlini,
Gül verdim, yandırıb-yaxdı əlini,
Seçib cümlələrin ən gözəlini
Titrəyib söylədim sözümü sənə,
Sevdirə bilmədim özümü sənə...
Həsrəti, vüsalı qoşa sevdirdim,
Üşüyən əynimi qışa sevdirdim,
Yalın ayağımı daşa sevdirdim,
Tanıda bilmədim izimi sənə
Sevdirə bilmədim özümü sənə...
Alışıb yanardım göz istəsəydin,
Bir nəğmə olardım söz istəsəydin.
Məni görmək üçün göz istəsəydin
Kor qalıb, verərdim gözümü sənə;
Sevdirə bilmədim özümü sənə.
Sənə hər məktubu yazdım qanımla,
Ruhumla, hissimlə, həyəcanımla,
Sevinclə ölərdim,
əgər bununla
Bağışlasaydım mən
ömrümü sənə;
Sevdirə bilmədim özümü sənə...
Müəllif: Nüsrət Kəsəmənli
Etiraf Şeiri
Fikirli gəlirəm,
Dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm,
yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kim
Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.
Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl balalara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.
Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən.
Üzümdə kədərdən bir iz görəndə
Şirinim olmusan,
Acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan,
Bacım olmusan.
Bir kövrək şerimdən gözlərin dolub,
Düyünlü qaşını görməmişəm mən..
Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub,
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub
Yollar çarpaz-çarpaz,
Yollar qarışıq...
Gecə yol gəlirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq -
Gözünün nurudur yolumun üstə.
Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi...
Müəllif: Nüsrət Kəsəmənli