1) AZƏRBAYCAN, AZƏRBAYCAN ŞEİRİ
Müəllif: Əhməd Cavad
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı!
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
Səhraların sünbüllüdür,
İl müdam üstü güllüdür!
Bağçaların bülbüllüdür,
Azərbaycan! Azərbaycan!
Durna gözlü bulaqların,
Cənnət kimi yaylaqların!
Geniş-geniş oymaqların,
Azərbaycan! Azərbaycan!
Ormanında maral gəzər,
Çöllərində ceyran süzər!
Göllərində qazlar üzər!
Azərbaycan!Azərbaycan!
İlxında ayğır kişnəşir!
Naxrında buğan güləşir!
Süründə əmlik mələşir!
Azərbaycan! Azərbaycan!
Qayaların əlvan mərmər!
Belində var qızıl kəmər!
Bir yanında Bəhri-Xəzər!
Azərbaycan! Azərbaycan!
Sinən odu şölə salır!
Dünya səndən işıq alır!
Verməyəndə, zülmət qalır!
Azərbaycan! Azərbaycan!
İpək, pambıq, yunun çoxdur!
Arpa, buğda, dügün çoxdur!
Hər şeyin var, nəyin yoxdur?!
Azərbaycan! Azərbaycan!
Yer üzündə yoxdur tayın!
Gur-gur axar neçə çayın!
Bol veribdir, fələk payın!
Azərbaycan! Azərbaycan!
Laçının var, tərlanın var!
Çoxlu şirin dastanın var!
Qorxun yoxdur, düşmanın var!
Azərbaycan! Azərbaycan!
2) ANA TORPAQ ŞEİRİ
Müəllif:Xəlil Rza Ulutürk
Nə qədər zənginsən, ey ana torpaq,
Qoynunda nə qədər ərən, ər yatır.
Səndən aldığını sənə qaytaran
Alimlər, şairlər, igidlər yatır.
Bəlkə buna görə tufanlar qopur,
Bununçün püskürür bəlkə vulkanlar.
Çevrilib yüz qollu şəlalələrə,
Uca zirvələrdən tökülür onlar.
Anaların laylasından,
Babaların tarlasından,
El toyundan, el yasından
Səni içdim udum-udum,
Ana yurdum, ana yurdum.
Bağ gülündə, dağ qarında,
Sel-suların axarında,
Palıdların vüqarında
Səni gördüm, ana yurdum,
Ana yurdum, ana yurdum.
Yay mehində, yaz şehində,
Quşlarının cəhcəhində,
El qəmində, fərəhində
Səni duydum, ana yurdum,
Ana yurdum, ana yurdum.
Füzulinin "ah" səsində,
Üzeyirin nəğməsində,
Ələsgərin ləhcəsində
Səni andım, ana yurdum,
Mənim andım, ana yurdum.
3) ANA YURDUM
Müəllif:Bəxtiyar Vahabzadə
Ana yurdum.
Babaların tarlasından,
Nənələrin qorxuluğu almaq üçün
Çəftə suyu içirdiyi kasasından
Səni içdim udum-udum
Ana yurdum, ana yurdum!
Bağ gülündə, dağ qarında,
Sel-suların axarında,
Palıdların vüqarında
Səni gördüm,
Ana yurdum!
Tarixin uğuldayan dağ mehində,
Quşlarının cəh-cəhində
Yurddaşların kədərində, fərəhində
Səni duydum, ana yurdum!
Füzulinin “ah” səsində,
Üzeyirin nəğməsində,
Ələsgərin nəfəsində
Səni andım, ana yurdum.
Mənim andım - ana yurdum!
4) BELƏ SEVDİM, MƏN VƏTƏNİ ŞEİRİ
Müəllif:Tahir Ələkbərli
Vətən mənim ürəyimdə
Belə sevdim, mən Vətəni
Əməlimdə, diləyimdə
Belə sevdim, mən Vətəni.
Göy Gölü var, Xəzəri var
Xəbislərin nəzəri var
Vətənimin qədəri var
Belə sevdim, mən Vətəni.
Göz oxşayan guşəsi çox
Dənizi bir, meşəsi çox
Bu dünyanın işvəsi çox
Belə sevdim, məm Vətəni.
Vətən bizim ürəyimiz
O, suyumuz, çörəyimiz
Ölsək belə, gərəyimiz
Belə sevdim, mən Vətəni.
Sevgisi var ürəyimdə
Dadı, duzu çörəyimdə
Ömür boyu gərəyimdə
Belə sevdim, mən Vətəni.
Bu dünyanın düzəni var
Sevəni var, bezəni var
Haqq, ədalət gəzəni var
Belə vevdim, mən Vətəni.
Var öləni, vari təni
Var sökəni, var tikəni
Sevməmək olmaz Vətəni
Belə sevdim, mən Vətəni.
Vətən mənim canımdadır
Damarımda, qanımdadır
Ürəyimdə, ruhumdadır
Belə sevdim, mən vətəni.
5) AZƏRBAYCAN ŞEİRİ
Müəllif: Elvin Elxanoğlu
Tarix boyu zəfərlərə imza atan,
Ulu, şanlı bir dövlətsən Azərbaycan.
Yeraltı da, yerüstü də zəngin olan,
Başdan başa bir sərvətsən Azərbaycan.
Tanınırsan həm neftinlə, həm qazınla,
Badamlı,Sirab,İstisu, Kəlbəcərdə qızılınla,
Dəli Kürün,Xan Arazın, muğamın,telli sazınla,
Sən dillərdə əzbər olan bir şöhrətsən Azərbaycan.
Qız qalası,Möminə Xatun bir məhəbbət qalasıdır,
Gözəl Bakı axşamları sevənlərin dünyasıdır,
Məşhur Alov qüllələri inkişafın aynasıdır.
Gündən-günə gözəlləşən bir Cənnətsən Azərbaycan.
Vətənisən həm ləzginin,həm talışın,həm avarın,
Qarabağda dastan yazdı,hər millətdən oğlanların,
Qarşısında baş əyirik, şəhadətə çatanların,
Sən xalqları birləşdirən bir vəhdətsən Azərbaycan.
Naxçıvanın xoş havası, Qarabağın mənzərəsi,
Çox gözəldir təbiəti, müqəddəsdir hər bölgəsi,
Yeməkləri, müsiqisi, gözəl adət ənənəsi,
Cənnət görmək istəyənə bir dəvətsən Azərbaycan.
6) SƏN QALİBSƏN AZƏRBAYCAN ŞEİRİ
Müəllif: Şəlalə Ağayeva
Sənə zəfər yaraşır
Bu gün hislərim yarışır
Sevinclə qəhər qarışır
Sən qalibsən Azərbaycan
Səmanda quşlar sevinir
Günəşin ayın sevinir
Qışında yayın sevinir
Sən qalibsən Azərbaycan
Sevincdən nəfəs kəsilir
Göydən sanki nur ələnir
Hər yan üç rəngə bələnir
Sən qalibsən Azərbaycan
Vətənin yolu açıldı
Bağlanmış qolu açıldı
Dünyaya zəfər saçıldı
Sən qalibsən Azərbaycan
Xarı bülbülün sevindi
Şuşanda azan verildi
Düşmənin yaman yenildi
Sən qalibsən Azərbaycan.
7) EY VƏTƏN OĞLU ŞEİRİ
Müəllif: Bəxtiyar Vahabzadə
Ey Vətən oğlu, düşün, bil ki, sənindir bu Vətən,
Sabahın, həm bu günün, həm dünənindir bu Vətən.
Sənin öz dövlətin, öz millətin, öz cəddin var
Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz Vətən məcnunu, el aşiqi, sülh əsgəriyik
Biz Vətən naminə ölsək, dirilərdən diriyik.
Mənim öz ulduzumu bağrına basmış hilalım,
Dedi öndər: “Yönü bayraqdakı üç rəngdən alım”
Sən bu gül bayrağm altında məramınca yaşa,
Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa.
Sənin öz bayrağınm kölgəsi cənnətdi sənə,
Günəş hər gün doğur ancaq içimizdən Vətənə.
Bizim iqbalımızı yazdı qılıncın kəsəri,
Bizi biz etdi Dədəm Qorqud oğuznamələri.
Ey Azərbaycanımız, türkün oğuzlar Vətəni,
Ər oğullar, ər igidlər, kişi – qızlar Vətəni,
Sənin haqqındır azadlıq, sənin eşqindir iman,
Tapmar haqqa və insanlığa haqqdan doğulan.
Bəşərin dərdini öz dərdi bilib millətimiz.
Bizitn öz niyyətimizdən doğub hürriyyətimiz.
Gecələr yatmadan əvvəl sor özündən ki:
“Bu gün Mən nə etdim məni yurddaş edən öz yurdum üçün?”
8) AZƏRBAYCAN ŞEİRİ
Müəllif: Səməd Vurğun.
Dostlar! Gəlin sizə bir-bir danışım
Min bağın, bağçanın barı məndədir.
Sinəm oylağıdır gözəlliklərin
Hər sevən ürəyin yarı məndədir.
Nə çoxdur qoynumda almalı bağlar!
Qüdrətim göylərin dilini bağlar.
Meşəli dərələr, sal buzlu dağlar
Dağların süd kimi qarı məndədir.
İnsan bir uşaqdır, vətən bir ana,
Ömür bir çıraqdır, könül pərvanə.
Yolunuz düşdümü bizim Şirvana?
Gül açan heyvası, narı məndədir.
İgidlər yurdudur, bu dağ, bu aran
Bu dağlar başında qalmamış boran.
Hər təzə çiçəkdən bir şirə soran
Pətəyə bal düzən arı məndədir.
Ağdaşın pambığı çiçək-çiçəkdir,
Şəkinin bəzəyi şaldır, ipəkdir.
Qarabağ gözəli dünyada təkdir,
İsti yanaqların narı məndədir.
Ölsün bu yerlərdən ilham almayan,
Qəlbini saz kimi tutub çalmayan.
Yarışda gənclikdən geri qalmayan
Min qoca məndədir, qarı məndədir
Şirindir insanın öz azadlığı,
Könül azadlığı, göz azadlığı,
Qələm azadlığı, söz azadlığı,
Dünyanın ən böyük varı məndədir.
Gəldi ömrün gözəl bahar çağları
Açılmışdır könüllərin bağları.
Qarış-qarış dolan bizim dağları
Diş göynədən bulaqları məndədir.
Sarı limon çay üstündə dad olur,
Gözüm görür, könlüm evi şad olur.
Hansı namərd dost evinə yad olur?
Məhəbbətin vəfadarı məndədir.
Ötüb getdi günlərimi saymağım,
Dildən-dilə dastan oldu oymağım,
Təmiz südüm, şəkər kimi qaymağım,
Dövlətimin ixtiyarı məndədir.
Axşamüstü Bakıya bax doyunca,
Ulduzlarım yanır sahil boyunca.
Dağ üstündə o qərənfil, o yonca
Vətənimin laləzarı məndədir.
Mən xoşbəxtəm azadlığım gələli,
Tarix yazır ellərimin öz əli,
Bayrağımdır uca Şərqin gözəli
Azadlığın düz qərarı məndədir.
9) AZƏRBAYCAN, GÖZÜN AYDIN ŞEİRİ
Müəllif: Rövşən Xasayoğlu
Səsimə səs verin dedim, Qarabağım əsarətdə,
Kar qulaqlar eşitmədi, kor vicdanlar xəyanətdə.
Sapı bizdən baltaların kəsiləndən əli-qolu,
Xalq güvəndi öz gücünə, işıqlandı haqqın yolu.
Güclərimiz birləşincə, Türkün gücü selə döndü,
Şəhidlərin al qanıyla torpaq qızıl gülə döndü.
Döndüm artıq öz-özümə, boyun əydi xeyirə şər,
Türkün haqqı, ədaləti haqsızlığın önün kəsər.
“Zülüm çəkən” erməninin gerçək üzü çıxdı üzə,
Yalvarsa da, inanmayın dil çıxarır əfi, gürzə.
Boz qurdların qarşısında çaqqalların şansımı var?
Aslan kürkü geyən tülkü bil ki, yenə tülkü doğar.
Düşmən qaçır döyüşməyə, vuruşmağa cürəti yox,
Zəncirləyir əsgərini, zənciri var, qeyrəti yox.
Torpaq ona özgə, yaddır qəbul etməz varlığını,
İt aslanla döyüşməz ki, bağlasan da ayağını.
Bağla qaçan əsgərini, başqa yolun yoxdur sənin,
İgidlərim çoxdan biçib, bezdən hazırdır kəfənin.
Ya da gedin, qoy batmasın əlim kirli qanınıza,
Sizdə Vətən doyulan yer, əsirsiniz qarnınıza.
Gavurları Vətənimdən atdıq nəfəs aldı torpaq,
İllərdir ki, söyləyirik: “Ya şəhidlik, ya Qarabağ”.
Əsgərimin ayaq səsi duyulmaqda, Cıdır düzü,
Sağalacaq yaraların, silindi düşmənin izi.
10)AZƏRBAYCAN
Müəllif:Bəxtiyar Vahabzadə
Azərbaycan, adın oddur, özün – işıq, sözün- işıq.
Biz də sənin bu müqəddəs torpağından boy atmışıq,
Sənsən bizim bu dünyada məsləkimiz, amalımız,
Yolumuza işıq saçsın ulduzumuz, hilalımız.
Nəfəsimiz – ulu Qorqud dədəmizin öz nəfəsi,
Mahnımızda yaşar bizim babaların addım səsi.
Bu torpaqda, bu diyarda dünən vardıq, bu gün varıq,
Biz keçmişə güvəndikcə gələcəyə addımlarıq.
Vətən bizsiz də keçinər, keçinmərik biz Vətənsiz.
Bu məramla boy atmışıq Çənlibellər üstündə biz.
Şəhidlərin qanı ilə yoğrulubdur torpağımız,
Qəlbimizdə dalğalanır öz üç rəngli bayrağımız.
Qardaşlıqdır şüarımız, biz həmişə əl tutanıq,
Düşmən bizə əl uzatsa, düşmənliyi unudanıq.
Könlümüzdə bir vahiddir güneyimiz, quzeyimiz,
Vətən – bizim namusumuz, biz Vətənik, Vətən də biz.
11) MƏN – AZƏRBAYCANAM! ŞEİRİ
Müəllif:Xəlil Rza Ulutürk
Dinləyin, dinləyin, mən bir kamanam,
Şərqin sinəsindən qopan fəqanam!
Uzaq əsrlərin dərinliyindən
Sabaha üz qoyan sonsuz karvanam.
Ovcu qabar¬qabar, ciyəri təşnə,
Günəşi ardınca çəkən sarbanam.
Bu qoca dünyanın tən ortasında
Bülbülü susmayan bir gülüstanam.
Sovqatı, bəxşişi açıq sinidə,
Ağzının sonuncu tikəsini də
Dosta bağışlayan, düşmənə verən
Dumanlı Təbrizəm, çənli Zəncanam.
Hər şeyi alınıb tükənsə belə,
Eşqi tükənməyən Azərbaycanam!
Dinləyin, dinləyin, mən bir kamanam.
Dağ¬daşı yandıran aham, amanam!
Bir vaxt Albaniya dedilər mənə,
Dağlardan vüqarlı alpam, alpanam.
Neçə Keyxosrovun açıq döyüşdə
Brilyant tacını bomboş qoyanam.
Rüstəm Zal öldürdü öz Söhrabını,
Söhrabam, mən onu bağışlayanam.
Təkcə öz dibinə işıq salmayan,
Hamıya nur verən şamam, şamdanam!
Dinlə, qoca dünya, ey mənim anam:
Min yol öldürülən, yenə ölməyən,
Əzəli, əbədi Azərbaycanam!
Göyün kəhkəşanı çox öyünməsin,
Mən də yer üzündə bir kəhkəşanam!
Qorqudum, Koroğlum, şah Xətaimlə
Qüdrətəm, cürətəm, şöhrətəm, şanam!
Mən sənə min dəfə qurban olmuşam,
Ey bəşər, “öl!” desən, bir də qurbanam.
Mənimdir İsfahan dürdanələri,
Beyləqan, Naxçıvan xəzinələri!
Elə bilməsinlər təkcə fəğanam.
Balam Nəsimini soyanlar qansın:
Əgər ayım batsa, günəş doğanam!
Səbrim – dəryalarca, dözümüm – dəmir.
Buludlu, şimşəkli bir asimanam.
Bütün zülmətbazlar arxayın olsun:
İşıq tanrısıyam, zülmət boğanam.
Cinayət, xəyanət harınlaşanda,
Çaxan ildırımam, qopan tufanam.
Ceyran ovçuları yadda saxlasın:
Batində aslanam, üzdə ceyranam.
Qızıl külçəsiyəm mən qoca Şərqin,
Yerə gömsələr də çətin paslanam.
Sənin ağ boynunda, ey ulu dünya,
Bir düzüm mirvari, lələm, mərcanam.
Tikanlı hasarlar dibində bitmiş
Tikansız bir güləm, yaşıl reyhanam.
Hər bir nübarını laləzarını
Qohuma, qonşuya verən bağbanam.
Ey cahan, bir daha sən məni dinlə!
Göz, könül dolusu hələ gülməyən,
Min yol öldürülən, yenə ölməyən
Əzəli, əbədi Azərbaycanam!
12) SEVIN AZƏRBAYCANI ŞEİRİ
Müəllif: Cabir Novruz.
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Bu gün odlu sevgiyə onun ehtiyacı var...
Sevin odum, ocağım, evim Azərbaycanı,
İndiki dərdlərinə eşqimiz əlac olar...
Yaraları göynəyir, yaraları sızlayır,
Bu millətin qeyrətli oğulları, qızları,
Sevgimiz xilas edər bu gün Azərbaycanı,
Azərbaycanı sevin, sevin Azərbaycanı...
Adını uca tutun hər arzudan, diləkdən,
Doymayın, usanmayın ona ana deməkdən...
O bizim hamımızın həyəcanı, harayı,
Bir də axı kim yanar ona bizdən savayı?..
O bizim ruhumuzda, o bizim qanımızda,
Yalnız biz keçməliyik uğrunda canımızdan.
Can istəsə can verin, sevin Azərbaycanı,
Qan istəsə qan verin, sevin Azərbaycanı...
Azərbaycanı sevin, sevin Azərbaycanı,
Kürül-kürül odlanan evim Azərbaycanı...
Dünyada vallah, belə talesiz millət olmaz,
Nə qədər saxlayarlar girov Azərbaycanı?..
Bu qədər bölgü olmaz, bu qədər sərhəd olmaz,
Bəs nə vaxt görəcəyik bütöv Azərbaycanı?!
Ona övlad payını bizlər verə bilmədik,
Heç iki obasını birləşdirə bilmədik.
Astara qovuşmadı doğma Astarasına,
Cülfalıların bir məlhəm tapmadıq yarasına,
Öz doğma yurd-yuvamdır yadın Azərbaycanı...
Biz bacara bilmədik, ey gələcək nəsillər,
Ey gələcək nəsillər, barı təzə əsrdə,
Bir-birinə calayın, qatın, Azərbaycanı,
Köküm, soyum, soyadım, adım Azərbaycanı...
Haçandır öz-özündən aralı bir ölkədir,
Şəhidli bir ölkədir, yaralı bir ölkədir...
Az imiş, o təzədən bölünür, parçalanır,
Təbriz dərdi üstünə Şuşa dərdi qalanır.
Neçə yerə ayrılar, ya İlahi, bir bədən?
Xırda bir məkan qalıb o boyda bir ölkədən...
Tamam bitər, tükənər belə getsə amandır,
Axı o bir zamanlar nəhəng Azərbaycandı;
Zaman-zaman talayıb, biçib Azərbaycanı,
Bizə miras qoydular kiçik Azərbaycanı.
Ay bizdən ola-ola bizə yağı olanlar,
Vətənə sevgidə də az marağı olanlar;
Xalqına xidmətdə də tamah gəzən dənilər;
Özümüzdən olanlar, özümüzə qənimlər;
Siz də qeyrətə gəlin, imana-dinə gəlin,
Vətən bağışlar sizi, vətən eşqinə gəlin,
O, sizə çörək verib, nəzir-niyaz eyləyib,
Yalnız onun sevgisi sizi xilas eyləyər.
Sevməyirsizsə barı boğazına çökməyin.
Bu ulu məhəbbətə çağırıram hər kəsi,
Divin canı şüşədə, onun bizdədir canı...
Məndən çox sevirsiniz bu torpağı bəlkə siz,
Amma təkrar deyirəm; sevin Azərbaycanı,
sevin Azərbaycanı...
Açar sözlər: Azərbaycana aid şeirlər, Azərbaycan şeirləri, Azerbaycana aid seirler, Azerbaycan seirleri,Azərbaycan haqqında şeirlər,Azərbaycan şeiri,Azərbaycan şeir, Azerbaycan seiri,Azərbaycanla bağlı şeirlər,Azerbaycan haqqinda seirler, Vətənə aid şeirlər, Vətən şeirləri
Bənzər mövzular: