-->
Məlalə Yasəfzay

"Bir uşaq, bir müəllim, bir kitab və
bir qələm bütün dünyanı dəyişə bilər."

Səməd Vurğun Şeirləri

bilgideryasi
Sponsor 2

  Böyük şair Səməd Vurğujnun Şeirləri

 

səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri,semed vurgun seirleri
səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri

“Ala Gözlər” şeiri

Yenə qılıncını çəkdi üstümə,
Qurbanı olduğum o ala gözlər.
Yenə cəllad olub durdu qəsdimə,
Qələm qaş altında piyala gözlər.

Başımdan getmişdi sevdanın qəmi,
Xəyalım gəzirdi bütün aləmi.
Bu dustaq könlümü, deyin, yenəmi
Çəkdiniz sorğuya, suala, gözlər?

Sevda yolçusuyam əzəl yaşımdan,
Könlüm ayrı gəzir can sirdaşımdan;
Dağıdır huşumu alır başımdan
Süzülüb gedəndə xəyala gözlər.

Gərdənin minadır, boyun tamaşa,
Ay da həsəd çəkir o qələm qaşa.
Bir cüt ulduz kimi verib baş-başa,
Yanıb şölə salır camala gözlər.

Mənim sevgilimdir o gözəl pəri,
Qoy üzə vurmasın keçən günləri.
Mən qədirbilənəm əzəldən bəri,
Sizinlə yetmişəm kamala, gözlər.

Cahanda hər hökmü bir zaman verir,
Dünən dövran sürən bu gün can verir.
İllər xəstəsiyəm, yaram qan verir,
Siz məni saldınız bu hala, gözlər.


“Sevirəm” şeiri


Mən də bir insanam, mən də canlıyam,
Mənim də qəlbimin arzuları var.
Deyirlər arabir dəliqanlıyam.
Çox da deyinməsin dalımca əğyar!
Mənim də qəlbiınin arzuları var…

Mən səni sevmədim “o gözlər” deyə,
Gözümdən od kimi yaşlar tökmədim.
Mən sənə vermədim qızıl hədiyyə,
Çünki yalvarmadım və diz çökmədim;
Gözümdən od kimi yaşlar tökmədim.

Sən Xumar deyilsən, mən də ki, Sənan,
Bugünkü sevginin başqadır andı.
Nə Məcnun, nə Leyli, nə də biyaban
Qalmamış, onların adı yaşandı;
Bu günkü sevginin başqadır andı.

Qoy bizə gülməsin nə dost, nə də yad,
Ehtiyatlı danış, ehtiyatlı dur!..
Nə qədər mən sağam, get dolan azad!
Fəqət sevgilimdən xahişim budur:
Ehtiyatlı danış! Ehtiyatlı dur!..

Haydı, insanlara qaynayıb qarış
Qalma bu dünyada həyatdan iraq!
İstəsən aləmi gəz qarış-qarış,
Xain adamları tez görüb buraq,
Qalma bu dünyada həyatdan iraq!

Hüsnünü örtməsin nə pərdə, nə rəng –
Ay kimi saf dolan, gün kimi açıq.
Keçmişin üstünə qələm çəkərək,
Vuruş meydanında vuruşmağa çıx,
Ay kimi saf dolan, gün kimi açıq!

Bu son sozlərimi qulağından as!
Dünyada, hər günün bir hökmü vardır.
Vaxtını almasın nə toy, nə də yas,
Gurlayan səsinlə “irəli!” hayqır;
Dünyada hər günün bir hökmü vardır.

"Ana" şeiri

Pək cocuğdum, yerə gömdülər səni,
Həyata qanadsız atdılar məni.
Bax, necə pozulub ömür gülşəni,
Həyat sənsiz mənə zindandır, ana!

Qoynunda bəslənir gözəl diləklər,
Layiqdir səcdəyə sənə mələklər,
Nerdəsən, gözlərim həp səni bəklər,
Bax evladın nasıl giryandır, ana!

Sən bir günəş idin, doğdum da, batdın,
Yazıq evladını qəmlərə atdın.
Bir cavab ver, hanki murada çatdın
Torpaqlarda neçə zamandır, ana!

Bir ah çəksəm sənsiz, qopmazmı tufan?
Əzizim anacan, gözüm anacan!
Yumuq gözlərini aç da bir oyan,
Şimdi zaman başqa zamandır, ana!

Yıxılıb payinə öpmək istərəm,
Analıq mehrini görmək istərəm,
Səni görmək üçün ölmək istərəm,
Təsəlim ah ilə fəğandır, ana!


"Azərbaycan" şeiri


Çox keçmişəm bu dağlardan,
Durna gözlü bulaqlardan;
Eşitmişəm uzaqlardan
Sakit axan arazları;
Sınamışam dostu, yarı…

El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,
Odur ki, bağlıyam sana:
Hankı somtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən!

Fəqət səndən gen düşəndə,
Ayrılıq məndən düşəndə,
Saçlarıma dən düşəndə
Boğar aylar, illər məni,
Qınamasın ellər məni.

Dağlarının başı qardır,
Ağ örpəyın buludlardır.
Böyük bir keçmişin vardır;
Bilinməyir yaşın sənin,
Nələr çəkmiş başın sənin.

Düşdün uğursuz dillərə,
Nəhs aylara, nəhs illərə.
Nəsillərdən nəslərə
Keçən bir şöhrətin vardır;
Oğlun, qızın bəxtiyardır…


"Gərək" şeiri

Elindən, günündən ayrılan könül, 
Arabir vaxt tapıb ağlasın gərək. 
Əziz kimsələri qırılmış kimi, 
Yas tutub qaralar bağlasın gərək. 

Demirəm incidib üzsün özünü, 
Əl üzüb dünyadan yumsun gözünü, 
Nə qədər olsa da Vətən sözünü, 
Duysun ürəyində, anlasın gərək. 

Bir şikəstə neyəm, bir qırıq kaman, 
Görmədim bir bəla-həsrətdən yaman, 
Vurğun ellər deyib ağlar hər zaman, 
Onun qaydasıdır, ağlasın gərək.


"Əyilmə" şeiri


Həyat! O çox zaman görünür iyrənc,
Bu səhnədə min bir qanlı pərdə var
Sən bu çətinliyə düssən də, ey gənc,
İçində saxlanan qüdrətə yalvar!

Zaman! O amansız, qatil bir düskün
Bəzən dünyaları döyər siddətlə.
Səni də məhv etmək istərsə bir gün,
Hər seyə qarsı çıx, həm də cürətlə.

Cürət! Odur bizi güldürən hər an,
Cürətsiz bir həyat məhv olur, inan.
İstə bu düsturu öyrənib də sən,
Ər oglu ər kimi tab et bəlayə.

Mən bu sözlərimlə nə dedim bil sən,
Çırpın üfüqlərə, uç etilayə!
Ey gənc! Səadəti bir xəyal bilmə,
Nə olursa-olsun, yalnız əyilmə!



Qəzəl

Meysiz, məzəsiz can ilə canan ola bilməz!

Sevda dediyin hər kəsə meydan ola bilməz!


Arifləri dindir ki, nədir şer ilə sənət?

Şair yaranan ömrə peşiman ola bilməz!


Könlüm evi bir gülşənə bənzər ki, əzizim,

Min badi – xəzan əssə də viran ola bilməz!


Qəlbin, ürəyin odlarına yanmasa bir söz

Dillərdə, ağızlarda o dastan ola bilməz!


Girdim günəşin qoynuna, minbir səhərim var,

Bülbül də mənim, gül də , zimistan ola bilməz.


Yüksəl, fəqət insanlığa pis gözlə baxanlar

Dünyada bir ad qoysa da, insan ola bilməz!


Xoşbəxt elimin, yurdumun öz Vurğunuyam mən,

Bundan da gözəl bir daha dövran ola bilməz!

“” şeiri

 Quşlar qatar-qatar ellərdən keçər,

Bəşər nəsil-nəsil dünyadan köçər;
İnsanlıq gah zəhər, gah şərbət içər…
Əzəldən belədir hökmü zamanın –
Düyümlü bir sirri var asimanın!

Çarxını qurduqça dövranın əli
Bəzən ağlar olur, bəzən gülməli…
İnsanın ən böyük eşqi, əməli
Bəzən aslan kimi çırpınır darda,
Bəzən də qərq olur fırtınalarda…

Dəyişir səmtini daima sular,
Dəyişir fikirlər, dönür duyğular.
Kainat tutmayır bir yerdə qərar:
– Çarpır sinəsini qayalıqlara-
O gah qışa çıxır, gah da bahara!

Dünya binasını qurandan bəri
Səadət adlanan o gözəl pəri
Gəl! – deyə səsləmiş qərinələri;
Yazıqlar olsun ki, hələ insanlıq
Gəlib qovuşmamış ona bir anlıq.

Ey dünya gözəli, qaçma bəşərdən!
İnsandır ayıran xeyiri bəşərdən!
Gəl onun eşqini ücüz tutma sən, –
Qəlbi var, hissi var hər məhəbbətin,
Qaralmaz ulduzu əbədiyyatın!…

Ölüm bir iblisdir, həyat bir mələk!
Varlığı izləyir heçlik kölgə tək…
İşıq qaranlıqla pəncələşərək
Yaşatmaq istəyir cahanda bizi,
Günəş salamlayır iradəmizi!

Yamanlıq, yaxşılıq durmuş üz-üzə,
Dilsiz əsrlərdən mirasdır bizə.
Əsir bahar yeli qəlblərimizə,
Lakin arxasınca kəfən geyir qış,
Təbiət varlığa belə qarğamış.

Bir bayram sözü var, bir də ki, matəm,
Nəşə bir aləmdir, qüssə bir aləm.
Həyat öz atını sürür dəmadəm;
Odlar içində də hər bir mənzərə
Yenə qanad verir düşüncələrə!

Yenə də insanın xəyal şəhpəri
Gəzir fəzaları, göy dənizləri.
Sən ey səadətin gözəl pak əməlini,
Uzat yer üzünə hünər əlini!

Zamandır, bəşərin imdadına gəl!
Xəstə bir gözəldir hünərsiz əməl…
Hünər söylədiyim o qüdrətli əl
Bütün kainata qoy qanad gərsin,
Bəşər karvanına o yol göstərsin.

Hünər qanad versin torpağa, daşa,
Dənizlər çatılıb gəlsin baş-başa…
Azadlıq ordusu varsın birbaşa,
Hər zəfər dastanı yadigar olsun,
Ölüm təslim olsun, həyat var olsun!

Dünyaya bir şöhrət yaranmışıq biz,
Günəş çökməmişdir qaranlığa diz.
Qoy ölsün yamanlıq, o xain iblis!…
Yaxşılıq çağırsın hər qəlbin neyi,
Qurtaraq zəncirdən Prometeyi…

Fəlakət qocalmış…qartdır o köpək.
Onun sümükləri tez çürüyəcək…
Səadət – gənclikdir, adı – gələcək!
Onun gözlərində həyat eşqi var-
Var olsun gələcək! Var olsun bahar!


“Dünya” şeiri

Buludlar dağılır uzaqda lay-lay,
Yenə öz yerində yuvarlanır ay,
Fəqət nə Cəlal var, nə də ki, Humay,
Nə ömrə acıyır, nə yaşa, dünya.

Ulduzlar havanın bağrını dəlir,
Qayalı dağlardan duman yüksəlir,
Xəyalım gecəni salama gəlir,
Çapdırır atını birbaşa dünya.

Ellərə baxıram bağçalı, bağlı,
Göylərə baxıram qapısı bağlı,
Kainat ixtiyar, sirli, soraqlı,
Əzəldən yaranıb tamaşa dünya.

Bir də görürsən ki,açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.

Əzəldən belədir, çünki kainat,
Cahan daimidir, ömur amanat.
Əldən-ələ keçir vəfasız həyat.
Biz gəldi-gedərik, sən yaşa dünya!

Səməd Vurğun Şeirləri

Bənzər mövzular:

Axtarış sözləri: səməd vurğun şeirləri azərbaycan,səməd vurğun azərbaycan şeiri,semed vurgun seirleri oxu,səməd vurğun ana şeiri,azərbaycan şeiri səməd vurğun,səməd vurğun vətən şeirləri,semed vurgun en gozel seirleri,s vurgun azerbaycan seiri

>
To Top